Ukrayna qoşunlarının alman haubitsalarında təlimi tezliklə başa çatacaq və bu, silahların Ukraynadakı müharibədə istifadəsinə zəmin yaradacaq.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Kristine Lambrext
deyib.
Ukrayna Sovet dövründən qalan sursatı tükəndiyi üçün Qərbdən daha çox və daha yaxşı artilleriya göndərməyi xahiş edir.
Qərb ölkələri NATO standartlarına uyğun silahlar vəd edib, ancaq onların Ukraynaya gəlib çıxması vaxt aparır.
Qərbi Almaniyanın Reynbax şəhərindəki hərbi bazaya səfəri zamanı Lambrext jurnalistlərə deyib: "Panzerhaubitze 2000 təlimi tezliklə başa çatacaq ki, o, Ukraynada döyüşlərdə istifadə olunsun”.
Panzerhaubitze 2000 Bundesver inventarındakı ən güclü artilleriya silahlarından biridir və 40 km məsafədəki hədəfləri vura bilir.
Lambrext haubitsaların Ukraynaya nə vaxt göndəriləcəyi ilə bağlı heç bir məlumat verməyib. O, təhlükəsizlik səbəbi ilə nə silahların tədarük tarixi, nə də nəqliyyat marşrutlarını açıqlamayacağını əlavə edib.
Almaniya may ayında Kiyevə yeddi özüyeriyən haubitsa tədarük edəcəyinə söz verib.
Qeyd edək ki, Berlin silahların çatdırılmasını uzatdığı üçün Ukraynanın ittihamları ilə üzləşib.
Nurlan Hüseynov