Xəbər lenti

Almaniya hazırki Rusiya ilə normal münasibətləri saxlamayacaq - Berbok
Dünya05:56 28.12.2022

Almaniya hazırki Rusiya ilə normal münasibətləri saxlamayacaq - Berbok

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya hazırki Rusiya ilə normal münasibətləri mümkün hesab etmir.
Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Digi 24-ə müsahibəsində bildirib.
O, həmçinin bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) gedən yolu asan və qısa olmayacaq.
"Biz aydın başa düşməliyik: hazırki Rusiya ilə normal münasibətlər ola bilməz. Bir çox rusiyalılar kimi biz də qonşuları üçün təhlükə yaratmayan dinc və demokratik Rusiya istəyirik. Ancaq bizim heç bir illüziyamız yoxdur – biz indi başqa reallıqda yaşayırıq”, – deyə Berbok müsahibin Rusiya ilə hər hansı bir münasibətin olmasının mümkün olub-olmaması sualına belə cavab verib.
Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı işlərdən danışan nazir bildirib ki, Aİ rəhbərliyi milli qanunvericiliyin dəyişdirilməsi prosesində ölkəyə dəstək verəcək. "Ukraynalılar öz gələcəklərini sərbəst seçmək hüququ uğrunda hər gün mübarizə aparırlar. Və onlar bu gələcəyi Avropada, Aİ-də görürlər. Orada yol hələ uzun və təbii ki, bəzən çətin olacaq, lakin biz Ukraynanın hüquq sistemi və standartlarının Aİ standartlarına uyğunlaşdırılması prosesində əlimizdən gələni edirik və bununla da üzvlük üçün zəmin yaradırıq”, - Annalena Burbok şərh edib. 
Xatırladaq ki, 28 fevral 2022-ci ildə Ukrayna Aİ-yə üzvlük üçün müraciət edib. Ukrayna prezidenti Volodimir Zelenski "yeni xüsusi prosedur”a uyğun olaraq ölkəsini Aİ-yə dərhal qəbul edilməsini tələb edib. İyunun 17-də Avropa Komissiyası Ukraynaya üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. İyunun 23-də Avropa Parlamenti böyük səs çoxluğu ilə namizədin statusunu dəstəkləyən qətnamə qəbul edib. İyunun 23-də Aİ Şurası Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verib.
Nizami Bağırov