Xəbər lenti

Almaniya hökumətində "tank qalmaqalı": Müdafiə naziri istefa verir
Dünya14:20 14.01.2023

Almaniya hökumətində "tank qalmaqalı": Müdafiə naziri istefa verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın müdafiə naziri Kristina Lambrext tutduğu vəzifəni tərk etmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, Lambrext öz istəyi ilə istefa verir, federal kanslerin ofisi onu belə bir qərar verməyə məcbur etməyib.
Lambrextin vəzifədən getmə tarixi ilə bağlı məsələ artıq həll olunur. Qəzet qeyd edir ki, rəsmilər onun vəzifəsini kimin tutacağı ilə bağlı daxili məsləhətləşmələr aparırlar. Mümkün varislər arasında hərbi komissar Yeva Höglün adını çəkir.
Kristina Lambrext 2021-ci il dekabrın 8-dən Almaniyanın müdafiə naziridir. Bundan əvvəl o, Ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi nazirliyinə, daha sonra isə Ailə, ahıllar, qadınlar və gənclər nazirliyinə rəhbərlik edib.
Lambrextin istefası xəbəri müasir alman "Leopard” tanklarının Ukraynaya təhvil verilməsi ilə bağlı bir neçə həftəlik aktiv müzakirələrdən sonra gəlib. Lambrext müasir tankların Ukraynaya digər müttəfiqlərdən əvvəl verilməsinin əleyhinə çıxış edib.
"Bloomberg” yazır ki, kansler Olaf Şolts da Ukraynanı ağır tanklarla təmin etməkdən ehtiyat edir və hesab edir ki, Kreml bunu münaqişənin gərginləşməsi kimi qiymətləndirə bilər. Hökumət müzakirələri ilə tanış olan iki məmur "Bloomberg”ə bildirib ki, Almaniya rəhbərliyi çox güman Ukraynaya "Leopard" vermək qərarına gəlib.
Agentliyin məlumatına görə, ölkə bunu gələn həftə elan etməli, Lambrext isə Ramşteyn bazasındakı görüşdə tankların Ukraynaya təhvil verilməsini açıqlamalı olacaq.
Son həftələr NATO müttəfiqləri Almaniyaya təzyiq göstərir və getdikcə onu Ukrayna qoşunlarını hücum silahları ilə təmin etməkdə iştirak etməyə çağırır.
"Leopard” tankları bir çox ölkələrdə - xüsusən də İspaniya, Polşa, Yunanıstan, Danimarka və Finlandiyada var. Amma heç bir ölkə onu istehsal edən ölkənin icazəsi olmadan tankları təkrar ixrac kimi Ukraynaya ötürə bilməz. "Leopard” tankları Münhen müdafiə şirkəti "Krauss-Maffei Wegmann” tərəfindən istehsal olunur.
Polşa prezidenti Andjey Duda artıq bu həftə bildirib ki, ölkəsi Kiyevə Almaniya istehsalı olan 1 bölük "Leopard 2” tankları (adətən 14 maşın) verəcək (buna indi Berlinin razılığı lazımdır). Bundan əlavə, Avropa ölkələri Ukraynaya tank tədarükü üçün koalisiyanın yaradılmasını müzakirə edirlər.
Nizami Bağırov