Almaniya NATO-da müttəfiqlərinin onilliklər boyu çağırdığı liderlik rolunu öz üzərinə götürməyə hazırdır.
Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius
deyib.
"Rusiyanın Ukraynaya qəddar hücumundan sonra NATO daha böyük aktuallıq və əhəmiyyət kəsb edib”, - Pistorius Berlində NATO-nun siyasi konfransında bildirib.
Avropanın ən böyük iqtisadiyyatı və ən çox əhalisi olan ölkəsi hərbi alyansın şərq cinahını Rusiyanın təcavüzündən müdafiə etmək öhdəliyi götürür.
"Çünki biz Rusiyanın qarşıdakı illərdə və onilliklərdə imperiya fantaziyalarından əl çəkəcəyini gözləyə bilmərik, biz alyansda etibarlı və effektiv çəkindirməyə mühüm töhfə veririk”, - deyə o bildirib.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi xərcləri artırmaq üçün büdcə qaydalarını dəyişəcək.
Hazırda Aİ-nin yalnız doqquz üzvü NATO alyansının ÜDM-nin 2%-i olan müdafiə xərcləri hədəfinə çatır və dördü - Finlandiya, Rumıniya, Macarıstan və Slovakiya yalnız 2023-cü ildə bu hədəfi keçəcək. Aİ-nin ən böyük iqtisadiyyatları olan Fransa, Almaniya və İtaliya NATO-nun müdafiə xərcləri hədəfinə çatmır.
Almaniya hökuməti NATO-nun 2%-lik xərcləmə hədəfini yerinə yetirməyi öhdəsinə götürüb, lakin bu, yalnız 2027-ci ilə qədər Almaniya silahlı qüvvələrinin modernləşdirilməsi üçün ayrılan 100 milyard avroluq xüsusi fondla əldə olunacaq. Almaniya 1955-ci ildən NATO-nun üzvüdür.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Yaxın Şərqdə eskalasiya və Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Avropada müharibə təhlükəsi ola bilər.
Nizami Bağırov