Dünya 18:32 21.11.2022

Almaniya Rusiya ilə müharibəyə hazırlıqlar görür

Alman ordusunun komandanlığı Rusiyanın işğalı təhlükəsini nəzərə alacaq Bundesverin strategiyasında genişmiqyaslı islahatların aparılmasını zəruri hesab edir. 

Qaynarinfo "Spiegel”ə istinadən xəbər verir ki, bu barədə "Silahlı Qüvvələr üçün Əməliyyat Təlimat” adlı sənəddə Almaniya ordusunun baş müfəttişi Eberhard Tsorn bildirib.

"Almaniya potensial olaraq xəbərdarlıq edilmədən hücuma məruz qala bilər və bu, kritik olmasa da, böyük ziyana səbəb olacaq", deyə Tsorn xəbərdarlıq edir. 

Onun fikrincə, Əfqanıstanda olduğu kimi, xarici əməliyyatlara üstünlük verilən əvvəlki 30 ilin strategiyası artıq indiki vəziyyətə uyğun gəlmir. Əvəzində Bundesver diqqətini potensial düşmənin qarşısının alınmasına yönəltməli və "başladılan müharibəyə hazır olmalıdır.”

"Avropadakı müharibə yenidən reallığa çevrilib", deyə Tsorn bildirir. General ABŞ-dan dəstək gözləmədən, mobil xüsusi təyinatlılar əvəzinə yerləşməyə və döyüş əməliyyatları aparmağa hazır olan böyük qoşun birləşmələrinə diqqəti yönəltməyi tövsiyə edir. Tsorn xəbərdarlıq edir ki, nə Aİ, nə də NATO "yalnız hücuma məruz qaldıqdan sonra qüvvələri planlaşdırmağa və qurmağa başlaya bilməz". Plana əsasən, 2024-cü ilə qədər Bundesver 10 min nəfərlik ən azı bir tam təchiz edilmiş və marş üçün hazır diviziya formalaşdıracaq.

Xatırladaq ki, may ayında Almaniya kansleri Olaf Şolts NATO çərçivəsində Avropada ən böyük ordunun yaradılacağını elan edib. Onun sözlərinə görə, Berlin Almaniya və onun müttəfiqlərinin təhlükəsizliyini bu formada gücləndirəcək. Almaniya hakimiyyəti silahlı qüvvələrin modernləşdirilməsinə 100 milyard avro ayıracaq.

Nizami Bağırov