Almaniya hökuməti NATO-nun yeni tələbləri və Rusiyadan gələn artan təhlükələr fonunda ölkənin silahlı qüvvələrini gücləndirmək məqsədilə silahların alınması prosesini sadələşdirməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, kansler Fridrix Merzin rəhbərlik etdiyi hökumət bu istiqamətdə yeni qanun layihəsini qəbul edib.
Əsas məqsəd: Avropanın ən güclü konvensional ordusu
Yeni qanun layihəsi, Almaniyanın müdafiə qabiliyyətini qısa müddətdə artırmaq və Bundesveri (Almaniya ordusunu) ən güclü konvensional orduya çevirmək məqsədini daşıyır. Qanuna görə, yeni silah alışlarının və dövlət müdafiə sifarişlərinin razılaşdırılması və təsdiqlənməsi prosesi sürətləndiriləcək.
Mersin rəhbərlik etdiyi Xristian-Demokrat və Xristian-Sosial İttifaqları (CDU/CSU) ilə sosial-demokrat partnyorları, müdafiə xərclərinin maliyyələşdirilməsi üçün yeni borclanmaları məhdudlaşdıran qaydaları müvəqqəti dayandırmaq qərarına gəlib.
NATO hədəfi: ÜDM-in 5 faizi müdafiəyə
Hazırkı kurs, NATO-nun hərbi xərclərlə bağlı irəli sürdüyü yeni hədəflərə çatmağa yönəlib. Belə ki, Almaniya, Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizini hərbi xərclərə ayırmağı qarşısına məqsəd qoyub.
Sözügedən qanun layihəsi hələ də Bundestaq (Almaniya parlamenti) tərəfindən təsdiqlənməlidir. Müdafiə və iqtisadiyyat nazirliklərinin hazırladığı birgə hesabatda, qanunun əsas məqsədinin Bundesverin ehtiyaclarını qarşılamaq üçün dövlət sifarişlərinin bağlanmasını sürətləndirmək olduğu qeyd olunub.
Pistorius: "Lazımi çevikliyi əldə edəcəyik"
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, "qanun layihəsində nəzərdə tutulan tədbirlər geniş spektri əhatə edir və bizə lazımi çevikliyi təmin edəcək”. O, müdafiə sənayesi ilə sıx əməkdaşlığın vacibliyinə diqqət çəkərək, silah alınmasının sürətləndirilməsinin ölkənin təhlükəsizliyi üçün zəruri olduğunu vurğulayıb.
Aydın
Şərhlər