Xəbər lenti

Almaniya Ukraynanın bərpası üçün Rusiyanın aktivlərini müsadirə etməyə razılaşdı
Dünya10:22 04.01.2023

Almaniya Ukraynanın bərpası üçün Rusiyanın aktivlərini müsadirə etməyə razılaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əgər müvafiq hüquqi məsələlər həll olunarsa və Berlinin müttəfiqləri də buna əməl edərsə, Almaniya Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" Almaniya hökumətindəki müzakirələrdən xəbərdar olan rəsmilərə istinadən yazır.
Ümumiyyətlə, kansler Olaf Şolts hökuməti Kiyevin müharibə təzminatı tələbini dəstəkləyir, lakin bununla bağlı hələlik rəsmi mövqe bildirməyib. Eyni zamanda, hakim koalisiyanın bəzi nümayəndələri digərlərinə nisbətən daha qətiyyətlidir, - deyə mənbələr bildirir.
Belə ki, xarici işlər naziri Annalena Burbok israr edir ki, Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya etməlidir. Onun fikrincə, dondurulmuş aktivlərin heç olmasa bir hissəsinin müsadirə edilməsi variant kimi nəzərdən keçirilməlidir. Lakin maliyyə naziri Kristian Lindner daha ehtiyatlıdır - o, Rusiya mərkəzi bankının aktivlərinin müsadirə edilməsinin təhlükəli presedent yaradacağından və Aİ və onun müttəfiqlərini hüquqi bataqlığa aparacağından narahatdır.
Eyni zamanda, Şolts Almaniyanın istənilən hərəkətinin hüquqi cəhətdən yoxlanılmasını və müttəfiqlərlə razılaşdırılmasını tələb edir. Dekabrda Aİ liderləri Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin bir neçə variantını müzakirə edib və bu məsələdə ABŞ-la ümumi dil tapmağa razılaşıblar.
Mənbə bildirir ki, dondurulmuş aktivlərin tam müsadirəsi əvəzinə, Rusiya oliqarxlarının və Rusiya hərbi cinayətlərində iştirak edənlərin aktivlərinə həbs qoyulması hüquqi baxımdan daha faydalı ola bilər. Lakin onun sözlərinə görə, belə hallar illərlə məhkəmə çəkişmələri apara və bütün təşəbbüsü simvolik jestlərə endirə bilər.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen söz verib ki, Aİ Ukraynanın yenidən qurulmasını maliyyələşdirməsi üçün Rusiyanın aktivlərini müsadirə edilməsinin "qanuni yollarını tapacaq”. Buna görə Ukraynaya investisiya yatırılmasına Rusiya aktivlərini idarə etmək üçün xüsusi struktur da yaradıla bilər.
ABŞ-da Konqres nümayəndələri prezident Co Baydenin administrasiyasından xüsusi qanunvericilik qəbul etməklə Rusiyanın aktivlərinin müsadirə edilməsini nəzərdən keçirməyi tələb ediblər. Lakin Ağ Ev dünyanın digər mərkəzi banklarının ABŞ-da vəsait yerləşdirməsini dayandıracağından ehtiyat edərək indiyədək bu cür tələblərə müqavimət göstərib.
Ümumilikdə Aİ və G7 ölkələri Rusiya Mərkəzi Bankının ehtiyatlarında olan təxminən 311 milyard dolları dondurub. Aİ həmçinin rusiyalı oliqarxların təxminən 19 milyard avro məbləğində aktivlərini bloklayıb. Hazırda aktivlər qeyri-müəyyən vəziyyətdədir və onları müsadirə etmək mümkün deyil.
Kreml Rusiyanın aktivlərinin dondurulmasını qeyri-qanuni adlandırıb və onlardan istifadə etmək cəhdlərinə qarşı mübarizə aparacaqlarına söz verib. 
Nizami Bağırov