Dünya 20:15 11.11.2022

Almaniya və Hindistan arasında qaz münaqişəsi siyasi müstəviyə keçir - Bloomberg

Almaniyanın mayeləşdirilmiş təbii qaz tədarükçüsü "SEFE” ilə onun Hindistanlı müştərisi "GAİL” şirkəti arasında kommersiya münaqişəsi siyasi müstəviyə keçir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

May ayından etibarən "Securing Energy for Europe GmbH” (Almaniya hökumətinin nəzarəti altına keçmiş "Qazprom”un "Qazprom Germania” bölməsi) Hindistanın "GAIL” şirkətinə mayeləşdirilmiş təbii qazın 17 tədarükünü ləğv edib və "SEFE” törəmə müəssisələrinin digər mümkün tədarükləri əhəmiyyətli dərəcədə azaldılıb. Nəticədə, Hindistan şirkəti bazarda alternativ qaz tədarükü tapmaq üçün rekord məbləğlər xərcləməli olur. Eyni zamanda, alman şirkəti müqavilə dəyərinin yalnız 20%-i məbləğində cərimə ödəyir.

Əgər əvvəllər şirkətlər özləri vəziyyəti düzəltməyə çalışırdılarsa, indi dövlət rəsmiləri də işə qoşulub. Xüsusilə Hindistan hakimiyyəti Almaniya tərəfindən Hindistan şirkəti qarşısında öhdəliklərini tam yerinə yetirmək üçün yeni ixracatçılar axtarmağı tələb edir. Bu öhdəliklərə əsasən, Hindistan şirkəti 2041-ci ilə qədər ildə 2,5 milyon ton LNG almalıdır. 

Almaniya və Hindistanın xarici işlər nazirliklərinin nümayəndələri vəziyyəti şərh etməkdən imtina ediblər.

Nizami Bağırov