Dünya 13:24 07.12.2022

Almaniyada çevriliş planı ifşa olundu: Həbs dalğası başladı (DETALAR)

Almaniya polisi Bundestaqı ələ keçirməyi və dövlət çevrilişi etməyi planlaşdıran sağçı radikal qrup olan "Reyx vətəndaşları”nın 25 üzvünü həbs edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Zeit” Baş Prokurorluğa istinadən yazır.

Bütün Almaniya ərazisində 130-dan çox ev və mənzildə səhər saatlarından axtarışlar davam edir. Ümumilikdə hakimiyyətin ələ keçirilməsini hazırlayan sui-qəsdçilər şəbəkəsinə aristokrat ailələrin nümayəndələri, Bundesverin keçmiş üzvü Birqit Malzak-Vikkeman və Bundesverin xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri də daxil olmaqla 52 nəfər daxil olub.

Saxlanılanlar arasında ekstremistlərin Moskva ilə əlaqə saxlamasına kömək edən Rusiya vətəndaşı Vitaliya B. də var. Saxlanılan Henri XIII P. R. də buna cəhd edib. Lakin Almaniya hüquq-mühafizə orqanlarında hələ də Rusiya tərəfinin sui-qəsdçiləri dəstəklədiyinə dair heç bir sübut yoxdur.

"İndiyədək aparılan istintaqa əsasən, Rusiya ilə əlaqə saxlayan şəxslərin müraciətinə Moskvanın müsbət cavab verdiyinə dair heç bir sübut yoxdur”, deyə Baş Prokurorluğun bəyanatında qeyd edilir.

Müstəntiqlərin fikrincə, sui-qəsdçilərin strukturu siyasi qanada və hakimiyyəti zorla ələ keçirməli olan hərbi qanada bölünüb. Ekstremistlərin planına görə, onlar elektromaqnit impulslarının köməyi ilə bütün ölkə ərazisində elektrik enerjisini kəsməli, Bundestaqın içərisinə soxulmalı və deputatları girov götürməli imişlər. Bundan sonra bir sıra dövlətlərlə danışıqlar aparıb "müvəqqəti hərbi hökumət” yaratmağa hazırlaşırmışlar. 
Almaniya hakimiyyətinin məlumatına görə, "Reyx vətəndaşları” təşkilatı keçən ilin noyabrından gec olmayaraq yaradılıb. Qrupun tərəfdarları hesab edirlər ki, Almaniya "dərin dövlət” tərəfindən idarə olunur və ölkəni azad etməyin yeganə yolu müxtəlif ölkələrin, o cümlədən Rusiya və ABŞ-ın hakimiyyət orqanlarının müdaxiləsidir. Üstəlik, bu prosesdə əsas rolu məhz Rusiya oynamalı idi.

"Süddeutsche Zeitung” yazır ki, "Reyx vətəndaşları"na qarşı əməliyyatda ümumilikdə 3 min polis əməkdaşı iştirak edib. Nəticədə bu, Almaniya tarixində ən böyük polis əməliyyatlarından birinə çevrilib. 

"Şpigel” sağçı radikal qrupun Reyxi dirçəltmək planlarından hələ iyul ayında yazıb. Nəşr qeyd edib ki, hakimiyyət dəyişikliyinə hazırlaşmaq üçün ekstremistlər almanlara prezident Frank-Valter Ştaynmayerin və ya kansler Olaf Şoltsun oxşarını təqdim etmək niyyətindədir.

Nizami Bağırov