Almaniyada dövlət çevrilişinə hazırlaşmaq iddiası ilə 2022-ci ilin dekabrında keçirilən əməliyyatda yaxalanan "İmperiya vətəndaşları”nın (Reichsbürger) parlamentin iclası zamanı baş naziri və bütün nazirləri saxlayıb, onları televiziyada xalqa göstərməyi planladıqları iddia edilib.
Qaynarinfo xəbər verir ki, "Bild" qəzetinin hökumətdəki mənbələrə istinadən yaydığı xəbərdə çevriliş şübhəlilərinin hazırladığı sensasion planının detalları açıqlanıb.
Özlərini "Alman İmperiyasının vətəndaşları" kimi qələmə verən və Şahzadə Heinrix Roysun rəhbərliyi altında dövlət çevrilişinə cəhddə günahlandırılan şübhəlilərin Bundestaqa hücum edərək, baş naziri və nazirləri ələ keçirib bağlamaq və onları televiziya vasitəsi ilə xalqa göstərmək istədikləri deyilir.
2022-ci ilin dekabrında keçirilən əməliyyatda saxlanılan şübhəlilərin bu hərəkətləri ilə hökumət əleyhinə çevrələrin "İmperator vətəndaşlığına” keçidini sürətləndirməyi hədəflədikləri iddia edilib.
Daxili işlər naziri Nensi Faeser bu ekstremist strukturla bağlı hər kəsə xəbərdarlıq edib.
"Konstitusiyanın təhlükəli düşmənlərinə qarşı demokratiyamızı qoruyan güclü təhlükəsizlik qüvvələrimiz var. Bunu bu günə qədər ən böyük terror şəbəkəsi ilə bağlı aparılan təhqiqat nümayiş etdirir. Bu kimi strukturları tamamilə ifşa və yerlə-yeksan edənə qədər bu çətin mübarizəni davam etdirəcəyik", deyə Nensi Faeser bildirib.
Bu ekstremistlərin demokratiyanı, dövləti və cəmiyyəti müdafiə edən fərdlərə nifrətində yekdil olduqlarına işarə edən Faeser deyib: "Qarşımızda zərərsiz axmaqlar deyil, çevriliş planları ilə hərəkət edən və çoxlu sayda silahları olan təhlükəli ekstremistlərlə mübarizə aparırıq. Biz bu ekstremistləri daim tərksilah etməyə davam etməliyik. Bunun üçün silah haqqında qanunun təcili sərtləşdirilməsinə ehtiyacımız var".
Federal Ədalət Məhkəməsinə görə, Şahzadə Roysun müdafiəçisi müttəhimin fikirlərini "psixiatrik tapıntı mənasında mütləq dəlilik" kimi təsvir edir.
Saxlanılandan 19-nun "terror təşkilatına üzv olmaq”, digər 3-nün isə "terror təşkilatına dəstək vermək” ittihamı ilə mühakimə olunacağı gözlənilir.
"Reichsburger" nədir?
Daxili kəşfiyyat hesabatına əsasən, özünü "Alman İmperiyasının vətəndaşları” hesab edənlərin sayı 23 min civarındadır. 2100 üzvü zorakılıq tətbiq etməyə hazır olan qrup Almaniyanı legitim dövlət kimi tanımır. Bəzi üzvlər monarxiya altında Almaniya imperiyası ideyasına sadiqdirlər, digərləri isə nasisizm tərəfdarıdır. Bəzi üzvlər hesab edir ki, Almaniya hələ də hərbi işğal altındadır.
Aydın