Xəbər lenti

AMEA-da Siyasi şöbə: “5-ci kolon”un üsyanı, yoxsa tarixi araşdırma?
Ölkə13:11 18.02.2021

AMEA-da Siyasi şöbə: “5-ci kolon”un üsyanı, yoxsa tarixi araşdırma?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu, başında Mehdiyevin durduğu "5-ci kolon”un üsyanının işartılarıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Azərbaycan Milli Elmlər Akademiyasında Siyasi Partiyalar və İctimai təşkilatların tarixi şöbəsinin yaradılmasına münasibət bildirərkən deyib. O bildirib ki, Ramiz Mehdiyevin təyinatından sonra Elmlər Akademiyası elm ocağı olmaqdan çıxıb və siyasi intriqalar ocağına çevrilib:
"Bu da dövlət və dövlət təhlükəsizliyi üçün ziyandır. Əslində o, paralel strukturlaşma yaradıb, bizim dediyimiz "5-ci kolon” yaradıb, yaxud da adını nə istəyirsinizsə qoya bilərsiniz, yəni hazırkı iqtidarla, həm də yeni müxalifətlə mübarizə üçün bir öcaq yaradır. Ətrafına da mesaj verib ki, "mən ölməmişəm, Administrasiyaya paralel strukturlar yaradıram”. Məncə, onun iqtidar tərəfindən cavabı verilməlidir. Bunun cavabı da həbs olmalıdır. Bu, başında Ramiz Mehdiyevin durduğu "5-ci kalon”un üsyanının işartılarıdır. Bunu zamanında saxlamasan, durdurmasan, dövlət olaraq ona dur deyilməsə, neqativ anlamda çox işlər görəcək”.   
 
REAL rəsmisi Natiq Cəfərli Ramiz Mehdiyevin siyasətdən kənar qala bilmədiyini hesab edir:
"AMEA-da Siyasi partiyalar və ictimai təşkilatlarla bağlı yeni şöbə yaradılıb. Ağsaqqal siyasətsiz yaşaya bilmir. Bir neçə dəfə yazmışdım ki, ölkədə siyasi proseslərə kənardan müdaxilənin yeni formaları yarana, ideoloji deyil, başqa ölkələrə birbaşa və ya dolayısı ilə bağlı siyasi təşkilatlar yarana bilər. Yəni, artıq Rusiya, Türkiyə və digər regional və qlobal oyunçular "yumşaq güclə" siyasətə qarışıcaqlar. Ölkədə indiki hakimiyyətin basqısı və səhv siyasəti nəticəsində bizdə ideoloji partiyalar yaranmadı, şəxslərə bağlı, ölkələrə "azarkeşlik" edən qruplar formalaşdı. Nəticə etibarı ilə bu gün ərazimizdə rus əsgərinin olması da o "azarkeş" kütləsininin bir hissəsini hərəkətə keçirir, Moskvaya bağlı "5-ci kolona" güc verir. Sabah Cənub qonşumuz da siyasi səhnəyə öz "aktorlarını" çıxara bilər, buna cəhdlər edəcək.
Bəzi digər tendensiyalar da var. Cəmiyyətdə haqlı və orqanik olan Türkiyə sevgisini istismar etməyə çalışan "təqlidçilər" də peyda olub - içiboş populuzm "püskürərək", güya, Türkiyəyə yaxın olacaqlarını düşünürlər. Eyni məsələ Qərbə də aiddir - bizdə dəyərləri deyil də, ölkə bayraq rənglərini dəstəkləyən təşkilatlar da var. Əslində illərdir dediyimiz bir məsələnin zamanı yetişib. Ölkədə yeni reallığa uyğun siyasi oyun qaydaları formalaşmalı, proporsional seçki sistemi bərqərar olmalıdır ki, ideoloji rəqəbət sayəsində ümumbəşəri dəyərlərə bağlı güclü siyasi partiyalar da formalaşsın. Bu, həm də xaricdən getdikcə artacaq "yumşaq güclə" siyasəti dizayn etmə cəhdlərinin qarşısını ala, əsl dövlətçilik məfkurəsinin möhkımlənməsinə səbəb ola bilər. Bunun üçün isə normal bir iqtidar partiyası da yaranmalıdır - YAP partiya deyil, onlarla bu iş mümkün deyil. Daha sonra isə proporsional qaydada yeni parlament formalaşmalıdır. Parlamentdə fraksiyaların olması xarici basqıları amortizasiya etmək üçün ən vacib vasitə olacaq. Bilməliyik ki, bu basqılar mütləq artacaq. Hərbi qələbəni "həzm" etməyənlər çoxdur, odur ki, yubanmadan yeni, keyfiyyətli siyasi müstəviyə keçmə zamanıdır”.
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, AMEA-da yaranan şöbənin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə heç bir əlaqəsi yoxdur:
"Burada siyasi partiyaların tarixini öyrənən bir şöbədən söhbət gedir. Bu tamamilə başqa şeydir. 2019-cu ildə Prezident Aparatında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbə bu gün partiyalararası, parlament, icra hakimiyyəti arasında dialoq məsələlərini kurasiya edir və ona hörmətli Ədalət Vəliyev rəhbəlik edir. Xeyli də işlər görüblər. Siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında bu şöbənin rolu böyükdür və işi uğurlu alınıb. Ancaq haqqında danışdığınız Elmlər Akademiyasında yaranan Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi partiyalar arasında münasibətləri deyil, məhz partiyaların tarixini öyrənən şöbədr. Bu, AMEA-nın Tarix İnstitutunda yaradılıb. Bu baxımdan hesab edirəm ki, siyasi partiyaların tarixinin öyrənilməsi Tarix İnstitutunun profilinə uyğun məsələdir. Və məlum Prezident Administrasiyasındakı şöbə ilə paralellikdən söhbət gedə bilməz”.
 
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) siyasi partiyalarla bağlı yeni şöbə yaradılır. Məlumata görə, Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi Tarix İnstitutunda fəaliyyətə başlayacaq.
Bahar Rüstəmli