Dünya 16:00 19.10.2022

Amerikalı milyarder Krımı Rusiyada saxlamağı təklif etdi

Amerikalı milyarder Bill Ekman Ukraynadakı hərbi münaqişənin həlli üçün öz planını təklif edib. 

Qaynarinfo xəbər verir ki, biznesmenin fikrincə, Krım Rusiyanın tərkibində qalmalıdır və Ukrayna "NATO üzvü olmadan da özünü müdafiə edə bilər”.

Ekmanın sözlərinə görə, Krım 1954-cü ilə qədər Rusiyanın tərkibində yer alıb və "əsasən etnik ruslardan ibarət olub”. O, etiraf edib ki, bu səbəbdən Rusiya 2014-cü ildə Krımı "ilhaq edəndə” beynəlxalq ictimaiyyət az iş görüb. 

"Əgər biz fevralın 24-dən əvvəl status-kvoya qayıtsaq, Rusiya təcavüzünə görə mükafat almayacaq və Ukrayna Qərbin dəstəyi ilə dərhal bərpa olunmağa başlaya bilər. Minlərlə insanın həyatı xilas ediləcək, resurslar yalnız daha çox dağıntı və ölümlə nəticələnəcək müharibəyə deyil, Ukraynanın bərpasına yatırıla bilər”, deyə milyarder "Twitter"də yazıb.

Bill Ekmanın sözlərinə görə, Ukrayna "NATO üzvü olmadan da özünü müdafiə edə biləcəyini sübut edib". O, əmindir ki, əgər ölkə "düzgün silahlanarsa”, bu, "gələcək təcavüzün qarşısını alacaq”. 

"Əgər sülhə gedən yol varsa, biz onu seçməyi təklif edirik. Hər gün münaqişə səbəbindən dünya üçün risk artır. Mən getdikcə daha çox ölkənin (Belarus, İran) cəlb olunduğu uzunmüddətli və təhlükəli müharibədən başqa sülhə gedən yol görmürəm”, deyə miyarder əlavə edib.

Xatırladaq ki, oktyabr ayında Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri "SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı İlon Mask təqdim edib. O, hesab edir ki, Krım Rusiya ərazisi kimi tanınmalıdır. Onun mövqeyi Ukrayna hakimiyyəti tərəfindən tənqid olundu və buna Mask cavab verdi ki, o, özünü üçüncü dünya müharibəsinin deyil, Ukraynanın pərəstişkarı hesab edir. Biznesmenin fikrincə, Rusiyanın Krımı itirməsi nüvə zərbəsinə səbəb olacaq.

Nizami Bağırov