Senatda Respublikaçı azlığın lideri Mitç Makkonnel, onun partiyasından Kiyevə dəstəyin azalması fonunda ABŞ-ın niyə Ukraynaya kömək etməkdə maraqlı olduğunu izah edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə CEPA (Avropa Siyasətinin Təhlili Mərkəzi) tərəfindən təşkil olunan virtual "Müharibəni udmaq. Sülh qazanmaq” forumunda çıxışı zamanı
danışıb.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlsə, onun planlarında növbəti NATO ölkəsi olacaq. Ona görə də o hesab edir ki, bu işğalı dayandırmaq daha müdrikdir və bu işdə birbaşa iştirak etməyə hazır olan yalnız ukraynalıların özləridir.
"Biz burada Çin, Rusiya, Şimali Koreya və İrana qarşı dayanırıq. Bu, artıq onu göstərir ki, siz haqlı tərəfdəsiniz. İkincisi, biz bir dənə də olsun amerikalı hərbçi itirmirik. Ukraynalılar özləri döyüşür. ÜDM-imizə nisbətdə - Ukraynada bu səylər üçün verdiyimiz həqiqətən kiçik bir hissədir", - Makkonnel bildirib.
O, ABŞ-ın Ukraynaya silah və sursat göndərdiyi zaman öz aktivlərinin bir çoxunu daha müasir, qabaqcıl avadanlıqlarla əvəzlədiklərini qeyd edərək əlavə edib ki, Rusiya Federasiyası və Çinlə rəqabətin artması səbəbindən Vaşinqton Ukraynada müharibə olmadan da öz sənaye bazasını bərpa etməlidir.
Onun fikrincə, respublikaçılar arasında Ukraynaya yardıma dəstəyin azalmasının səbəbi keçmiş prezident Donald Trampın müxalifətidir. Makkonnel bunu pis xəbər adlandırıb. Bununla belə, siyasətçi qeyd edib ki, yaxşı xəbər odur ki, Konqresin rəhbərliyi və silahlı qüvvələr, xarici əlaqələr və kəşfiyyat, büdcə məsələləri komitələrinin rəhbərləri ukraynalıları dəstəkləyənlərin düşərgəsindədir.
"Düşünürəm ki, Amerika xalqı müəyyən qədər aldadılıb. Onların faktları anladıqlarını düşünmürəm. Ukraynalılar cəsarət və igidlik nümayiş etdirirlər və düşünürəm ki, bu, avtokratların idarə etmədiyi ölkələrdə öz liderlərini seçən dünyanın qalan hissəsini ruhlandırır", - Makkonnel əlavə edib.
"Bəzi amerikalılar deyirlər ki, bura Uzaq Şərqdən çox uzaqdır və bizim əsl narahatlığımız məhz oradadır. Amma Yaponiyanın baş naziri bildirib ki, əgər prezident Siyə mesaj göndərmək istəyirsinizsə, Ukraynada Putini vurun. Cənubi koreyalılar narahatdır, filippinlilər narahatdır, avstraliyalılar narahatdır. Deməli, bu Asiyaya və Tayvanın gələcəyinə böyük təsir göstərir”, - Senatın Respublikaçı lideri izah edib.
Nizami Bağırov