
Azərbaycanda dəhşətli qətl hadisəsi olub.
Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 24-ü saat 2.00 radələrində baş verib.
Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Nahidə Mirzəbala qızı Quliyeva, onun iki azyaşlı qızı - 2009-cu il təvəllüdlü Mədinə Məzahir qızı Quliyeva və 2011-ci il təvəllüdlü Nuray Məzahir qızı Quliyeva naməlum şəxs və ya şəxslər tərəfindən iti alətlə boğaz nahiyələrindən xəsarət yetirilməklə öldürülüblər. Qətldən sonra ev yandırılıb.
Qoşular və yanğınsöndürənlər Nahidə Quliyeva və Nuray Quliyevanın meyitlərini evdən çıxara bilsələr də, Mədinənin meyiti yanaraq tanınmaz vəziyyətə düşüb.
Qeyd edək ki, N. Quliyevanın həyat yoldaşı, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyev ailəsindən ayrılıb, hazırda ayrı yaşayır.
Cəlilabad Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.