Xəbər lenti

Ankara-Tehran yaxınlaşması: Misiri görüşündə nələr müzakirə edildi? (ŞƏRH)
Dünya 13:18 20.12.2024

Ankara-Tehran yaxınlaşması: Misiri görüşündə nələr müzakirə edildi? (ŞƏRH)

"Rəcəb Tayyib Ərdoğanla Məsud Pezeşkian arasında görüşün ana xəttini Fələstin, HƏMAS məsələlərində fəaliyyətlərinin uzlaşdırılmasına çalışmaq təşkil edə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Qahirədə D-8 təşkilatının sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Məsud Pezeşkian arasında görüşü şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, Ərdoğanla Pezeşkian arasında görüş gərgin geosiyasi müstəvidə baş verir:

"Qəzza məsələsində ümumi konturlarda Türkiyə və İran eyni düşünür. Hər ikisinin ortaq bəyanatlarında İsrailə qarşı sərt məqamlar var. Lakin tarixi nöqteyi-nəzərdən İran və Türkiyənin Qəzza, HƏMAS və Fələstin məsələsində fəaliyyətləri fərqlidir. İran 1979-cu ildən sonra Fələstin müqavimət hərəkatlarına, xüsusilə HƏMAS-ın yaranmasından sonra ona, digər cihadi müqavimət hərəkatlarına silahlı yardım edir. İranın HƏMAS-a siyasi dəstəyi isə onsuz da ciddi önəm kəsb etmir. Belə ki, İsraillə münasibətləri gərgindir. Qərb isə İranı terroru dəstəkləməkdə ittiham edir. 

Türkiyənin Fələstin müqavimət hərəkatları ilə münasibətləri daha çox siyasidir. Türkiyə Qəzzaya humanitar yardımlar məsələsində fəallıq nümayiş etdirir. Bunu çox vaxt QHT-lər vasitəsi ilə həyata keçirib. Ankara Fələstin müqavimətini dəstəkləyib, amma bununla belə daha çox bu müqavimətin siyasi qanadı ilə yaxındır. Son müharibədə HƏMAS-ın hərbi qanadı daha çox İran proksilərinə təşəkkür edib. Türkiyəyə isə Fələstin müqavimətinin daha çox siyasi qanadı minnətdarlıq ifadə edib. Belə bir ortamda Ərdoğan-Pezeşkian görüşünün ana xətlərindən biri bu sahədə fəaliyyətin uzlaşdırılmasına çalışmaq təşkil edə bilər".
 


Həmsöhbətimiz qeyd edir ki, hər iki lider Suriyada cərəyan edən prosesin nəticələrini də müzakirə ediblər:

"Aydındır ki, görüşdə Suriya məsələsini də müzakirə olunub. Suriyada Türkiyənin dəstəklədiyi HTŞ hakimiyyətə gəlib. İran isə Suriyadan çəkilib. Böyük ehtimalla, Hakan Fidanın da dediyi kimi, İran Türkiyənin diplomatik səyləri ilə Əsədin arxasından çəkilib. İndi isə hər iki lider görünür bunun nəticələrini müzakirə edib. İran Suriyadan çəkilməsi müqabilində bölgədə hansısa bir mövqe əldə etməyə çalışır. Türkiyə isə bölgədə təsir gücü olduğuna görə İranın fikirlərini NAT0 üzrə müttəfiqi ABŞ-la da əlaqələndirə bilər". 

Ekspert deyir ki, Tehran Suriya hadisəsindən sonra İran daxildə də siyasi stabilliyin pozulmasından ehtiyat etdiyindən Ankara ilə sıx əməkdaşlıqda maraqlıdır: 

"İran qorxur ki, Suriyanın aqibətindən sonra onun siyasi stabilliyi pozulsun. Bunun olmaması üçün Türkiyə ilə sıx əməkdaşlıq edir. Bu iki dövlət D-8 təşkilatının əsas dövlətlərindəndir. Görünən də odur ki, qarşılıqlı ünsiyyətləri dövlət maraqlarına söykənir".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->