44 günlük Qarabağ müharibəsində həlak olan, Gümrüdən olan Jirayr Markaryanın anası Naira Markaryan Ermənistan prezidenti Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyana müraciəət edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, müraciətdə deyilir:
"Bütün bunların nə qədər davam edəcəyini bilmirəm. Baş nazir və xanımı bizdən nə istəyir? Biz onsuz da ən əzizlərimizi verdik, övladlarımızı itirdik, dərdin pəncəsində qaldıq, bilmirik ki, hər gün nə ilə qarşılaşacağıq, dəhşətli xatirələri necə unutmalıyıq? Bunlar bizim artıq beynimizə həkk olunub.
Anna Hakopyan, mən sənə üz tuturam, daha doğrusu, xatırladıram ki, uşaqlarımızı dəli kimi axtardığımız o amansız günlərdə tək idik, kimə müraciət edəcəyimizi, kimin kömək edəcəyini bilmirdik... Əminəm ki, sən bizim nə hiss etdiyimizi təsəvvür belə edə bilməzsən... O zaman sən harada idin? Niyə bizimlə deyildin? Ağrıdan, çarəsizlikdən çabalayan bir anaya niyə əl uzatmadın?
Biz valideyinlər cəhənnəm yaşadıq, bu günə qədər qəlbimizdə daşıdığımız insan həyatına sığmayan iztirabları gördük, hiss etdik... O ağır günlərdə birinci xanım harda idi?... Sən nə üçün bizimlə deyildin?..
Bu gün bizi rahat buraxın, oğul-qız analarını- müqəddəs adımızı öz çirkin siyasi məqsədlərinizlə bağlamayın, heç olmasa, itkimizə hörmətlə yanaşın, restoran komplekslərində yalandan, gurultulu sözlər dilə gətirməyin. "Xaçıq-Vaçıq”-ın rəqs ritmləri bizə yaraşmır, bununla da dərdimizə duz qatırsan, "qəhrəmanlar” dünyaya gətirən analarımızın təvazökar obrazını qeyri-ciddiləşdirir, reallığı təhrif edirsən...
Bizdən, həyatımızdan uzaq olun, biz oğul-qızlı analar bir-birimizə necə təsəlli verməyi bilirik və biz "qəhrəman” övladlarımızın xatirəsini canlandıraraq dərdlərimizlə yaşamağa davam edəcəyik...”.
Qeyd edək ki, bir neçə gün əvvəl Anna Hakopyan 44 günlük müharibədə həlak olan bir çox əsgər analarını dəvət edərək, 8 martla bağlı görüş keçirmiş, tədbir şənlik xarakteri daşıdığından A.Hakopyan həm tədbirdə, həm də ölkədə böyük qınaq obyektinə çevrilib.
Telman
Qaynarinfo