Xəbər lenti

Anomal istilər davam edir: Bu ölkədə 1000 nəfər ölüb
Dünya 16:08 28.06.2026

Anomal istilər davam edir: Bu ölkədə 1000 nəfər ölüb

Fransa son illərin ən güclü istilik dalğalarından biri ilə üzləşib. İlkin hesablamalara görə, cəmi bir neçə gün ərzində anomal yüksək temperatur ölkədə təxminən 1000 əlavə ölüm halına səbəb ola bilər.

 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.


Məlumata görə, iyunun 24-dən etibarən Fransada bu dövr üçün adətən qeydə alınan göstəricidən təxminən 1000 nəfər çox ölüm halı qeydə alınıb. Bununla belə, açıqlanan rəqəmlərin hələlik ilkin məlumatlar olduğu bildirilir.

 



Ən ağır vəziyyət istilərlə əlaqədar ən yüksək – qırmızı təhlükə səviyyəsinin elan olunduğu regionlarda müşahidə olunub. Bunlara İl-de-Frans, Yeni Akvitaniya, Bretan, Mərkəz–Luara Vadisi, Normandiya və Pei-de-la-Luar regionları daxildir.


"Public Health France"ın məlumatına əsasən, həyatını itirənlərin təxminən 85 faizi 65 yaşdan yuxarı şəxslər olub.


Nəşrin yazdığına görə, həftə ərzində Fransanın bəzi bölgələrində havanın temperaturu +40 dərəcəni keçib. Bu isə xəstəxanaların, təcili tibbi yardım və xilasetmə xidmətlərinin üzərinə düşən yükü əhəmiyyətli dərəcədə artırıb. Ölkənin 30-dan çox departamenti həftənin böyük hissəsində qırmızı hava təhlükəsi səviyyəsində olub.


Çərşənbə günü isə Fransada meteoroloji müşahidələrin aparıldığı dövr ərzində ən isti gün qeydə alınıb. Sutkalıq orta temperatur +30 dərəcəyə çatıb.

 


Parisdə məhdudiyyətlər tətbiq edilib

İstilərlə əlaqədar Paris rəhbərliyi həftəsonu ictimai yerlərdə spirtli içki qəbulunu qadağan edib. Məqsəd fövqəladə xidmətlərin üzərinə düşən yükü azaltmaqdır.


Bundan əlavə, şənbə gününə planlaşdırılan "Paris Pride" yürüşü təxirə salınıb. Eyfel qülləsi və Luvr muzeyi də isti hava səbəbindən bəzi günlərdə fəaliyyətini adi vaxtdan daha erkən dayandırıb.


Şəhər sakinləri və turistlər sərinləmək üçün parklara və kanalların sahillərinə üz tutsalar da, hakimiyyət orqanları xüsusi təchiz olunmamış ərazilərdə çimməyin təhlükəli olduğu barədə xəbərdarlıq edib. Xəbərdarlıq cümə günü axşam Sen-Marten kanalında bir kişinin boğularaq ölməsindən sonra edilib.


Paris meri Emanuel Qrequar bildirib:


"Biz bunu dəfələrlə vurğulamışıq və yenə təkrar edirik: icazə verilən vaxtlardan kənarda və xilasedicilərin olmadığı yerlərdə çimmək təhlükəlidir.


İstilər fonunda daha bir faciə baş verib. Fransa Liqa 2-də çıxış edən "Genqam" klubunun 21 yaşlı futbolçusu Kenzo Kis Ron çayında boğularaq həyatını itirib.


Klub futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verərək, onlara dəstək göstərəcəyini açıqlayıb.

 


İstilik dalğası Avropanın böyük hissəsini əhatə edib

Son günlər ekstremal istilər yalnız Fransada deyil, Avropanın digər ölkələrində də müşahidə olunur.


Böyük Britaniyada cümə günü meteoroloji müşahidələr tarixində iyun ayının ən isti günü qeydə alınıb. Milli Meteorologiya Xidmətinin ("Met Office") ilkin məlumatına görə, Suffolk qraflığının Santon-Daunhem kəndində temperatur +37,3 dərəcəyə yüksəlib.


Almaniya və İspaniyada da termometrlər +40 dərəcəni keçib.

Xatırladaq ki, İspaniyada anomal yay istiləri nəticəsində azı 212 nəfər həyatını itirib. Ölkədə ən çox zərər çəkən bölgələr mərkəzi və şimal regionları olub. İyunun 24-ü artıq ölüm hallarının ən çox qeydə alındığı gün kimi qiymətləndirilib. Həmin gün ümumi ölüm hallarının təxminən yarısı – 96 nəfər qeydə alınıb.

 

Meteoroloqlar isə çərşənbə axşamı və çərşənbə günlərini İspaniyada 1950-ci ildən bəri iyun ayında müşahidə olunan ən isti günlər kimi qiymətləndiriblər.

 

Aydın

--> -->