Xəbər lenti

Antarktikada Yer kürəsinin 1,2 milyon illik
Dünya 23:59 07.07.2025

Antarktikada Yer kürəsinin 1,2 milyon illik "buz arxivi" tapıldı

Almaniyanın Bremen əyalətinin Bremerxafen şəhərində alimlər Yer kürəsinin bu günədək aşkarlanmış ən qədim buz nüvəsini tədqiq edirlər. 

Qaynarinfo xəbər verir ki, bu nüvə - diametri 10 santimetr, uzunluğu isə 2,8 kilometr olan buz silindridir və onun yaşı 1,2 milyon ildən çoxdur. Buz nüvəsi 2019-2021-ci illərdə beynəlxalq ekspedisiya çərçivəsində Antarktikada, 3200 metr hündürlükdə və -70°C temperatur şəraitində çıxarılıb. Elmdə bu qədər qədim və dərin buz nümunəsi ilk dəfədir ki, mövcuddur.

Buz nüvəsi Avropaya -50°C-də saxlanılmaqla 700 yeşikdə gətirilib. Hazırda o, Bremerxafendə yerləşən Alfred Veqener İnstitutunun laboratoriyasında -18°C temperaturda hissələrə ayrılır və yüksək dəqiqlikli analizlərə hazırlanır. Alimlərin əsas məqsədi təxminən 1 milyon il əvvəl niyə buzaqlama dövrlərinin 41 min ildən bir yox, artıq hər 100 min ildən bir baş verməyə başladığını anlamaqdır.

"Buzaqlama dövrlərinin periodikasını anlamaq təkcə Yer tarixini öyrənmək üçün deyil, həm də gələcəyimiz üçün vacibdir", deyə glasioloq professor Frank Vilxelms bildirib.

Digər tədqiqatçı, professor Paskal Boleber isə qeyd edib: "Biz bu buzu bütün mövcud üsullarla – struktur analizlərindən tutmuş kimyəvi tədqiqatlara qədər – araşdırırıq. Bu məqama illərlə hazırlaşmışıq"

Alimlər bu qədim buzu dəyəri ölçülməyən iqlim arxivi adlandırırlar. Məhz bu nüvənin ən dərin qatlarında ilk dəfə olaraq Antarktida materikinin əsasını təşkil edən qranit süxurlar da aşkar edilib.

"Buzun alt təbəqəsi elə bir formadadır ki, sanki bərk bir səth üzərində dayanıb. Böyük ehtimalla bu, Antarktida materikidir. Bu süxur da indi diqqətlə tədqiq olunacaq. Ola bilər ki, bu araşdırmalar qitənin nə zaman buzla örtülməyə başladığını göstərəcək", deyə professor Vilxelms izah edib.

Tədqiqatların ilk nəticələrinin təxminən bir ildən sonra açıqlanacağı gözlənilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->