İsrailin bölgədə HƏMAS-a qarşı apardığı kampaniya nəticəsində Qəzza zolağının şimal hissəsi və Fələstin anklavındakı eyniadlı şəhər yaşayış üçün yararsız hala düşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" yazır.
Qəzzadakı Əl-Əzhər Universitetinin politoloqu Mxaymer Abusad agentliyə bildirib ki, Qəzza artıq böyük bir kabus şəhərə çevrilib, ona görə də fələstinlilərin əslində geri qayıdacaq yeri yoxdur.
AP qeyd edir ki, digər fələstinli ekspertlər, eləcə də yerli sakinlər oxşar fikirlər səsləndirir. Məsələn, Fələstinin insan haqları təşkilatı "Al Mezan"ın nümayəndəsi Culiya Marini hesab edir ki, regionun bərpası üçün uzun illər lazım olacaq və RAND eksperti Rafael Koen fələstinliləri çadır düşərgələrində uzun həyata hazırlaşmağa çağırır.
Qəzza ətrafındakı bir sakin AP-yə bildirib ki, anklavın şimalındakı ağır vəziyyətə görə heç vaxt evinə qayıda bilməyəcək. Agentlik vurğulayır ki, bəzi fələstinlilər təkcə indi deyil, həm də hərbi əməliyyatlar tam başa çatdıqdan sonra bölgənin bu hissəsinə qayıtmaqda şübhələnirlər.
Oktyabrın əvvəlində HƏMAS qüvvələri "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edərək, İsrailə böyük raket hücumu həyata keçirib. Hücum çərçivəsində minlərlə yaraqlı yəhudi dövlətinin ərazisinə daxil olub, hərbi texnikanı ələ keçirib və yüzdən çox insanı əsir götürüb. Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-ı məhv etmək üçün "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın bildirdiyi kimi, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək. Tərəflərin atəşkəsi noyabrın 24-də başlayıb.
Aydın