Avropa Parlamentinin sədri Roberta Metsola Aİ ölkələrini Ukraynanı tez bir zamanda uzaq mənzilli sistemlər və döyüş təyyarələri ilə təmin etməyə çağırıb.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, o, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə Avropa parlamentinin xüsusi iclasında
deyib.
"Biz xalqınızın Avropa üçün ödədiyi fədakarlığın fərqindəyik və biz bunu təkcə sözlə deyil, əməlimizlə şərəfləndirməliyik. Siyasi iradə ilə ticarəti asanlaşdırmağı, üzvlük prosesini mümkün qədər tezləşdirməyi, xalqınız üçün vəsaitləri, yenidənqurmanı, ordunuz üçün təlim keçməyi, qalib gəlmək üçün lazım olan hərbi texnika və müdafiə sistemlərini təmin etməliyik”, - Metsola bildirib.
"İndi dövlətlər tez bir zamanda bir çoxlarının qəbul etdiyi azadlığı qorumaq üçün növbəti addım kimi uzaq mənzilli sistemləri və təyyarələri əlçatan etməyi düşünməlidirlər”, - Avropa parlamentinin sədri qeyd edib.
Onun sözlərinə görə, Qərbin cavabı təhdidlə mütənasib olmalıdır. O vurğulayır ki, təhlükə ekzistensialdır.
Metsola, həmçinin Zelenskiyə Aİ-nin lazım olan vaxta kimi Ukraynanın tərəfində olacağına söz verib.
Nizami Bağırov