Ekonomiks 18:03 18.10.2022

AQTA ət məhsullarını müsadirə etmək istədi, insident yarandı - Polis çağırıldı (FOTO/VİDEO)

Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 123 ünvanında yerləşən ət dükanının sahibi ilə Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları arasında kiçik insident yaşanıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə sözügedən küçədə yerləşən və illərdir burada fəaliyyət göstərən "Nağı ət” dükanında baş verib.

Belə ki, AQTA-nın əməkdaşları bir neçə gün əvvəl sözügedən dükandan nümunə götürərək, müayinə üçün laboratoriyaya göndəriblər. Amma nəticələr sahibkara təqdim olunmadan bu gün dükana gələrək, bütün ət məhsullarının müsadirə olunmasına qərar veriblər. Nəticədə AQTA əməkdaşları ilə sahibkar arasında kiçik insident yaranıb. Hadisə yerinə DİN əməkdaşları cəlb edilib.

Bu da dükanın Nağı adlı sahibi tərəfindən narazılıqla qarşılanıb və müvafiq orqanlara şikayət ediləcəyini bildirib: "Qəssabxana illərdir burada fəaliyyət göstərir. Bir parça ətdən nümunə götürüb, laboratoriyaya müayinə üçün apardılar. Cavabı gəlməmiş, AQTA əməkdaşları indi mənə məxsus qiyməti kifayət baha olan mal və qoyun ətini müsadirə edirlər. Mən isə ətə xərclədiyim pulu ödədikdən sonra götürmələrini deyirəm. Əgər cavab normal çıxarsa, özümə qaytaracaqlarını deyirlər. Bir sahibkar olaraq sual edirəm: 3-4 günün ətini kim yeyər? Məhkəmə qərarı olmadan əmlakı necə müsadirə edə bilərlər? Bu qanunsuz yoxlamadır”.

AQTA-nın əməkdaşı isə açıqlamasında bildirib ki, ət dükanında yoxlama aparmaları və ətin müsadirə edilməsi tam qanunidir: "AQTA rəhbərliyin qərarı və Ədliyyə Nazirliyinin çıxarışı ilə biz plandankənar yoxlama aparmışıq. Qüsurlar var və özlərinin iştirakı ilə aktlaşdırılıb”. 

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, "heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı qadağandır. Bu kimi hallarının qarşısının alınması istiqamətində AQTA, Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyəti orqanları ilə birlikdə mütəmadi monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir: 

"Monitorinqlər zamanı yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları sökülür, eləcə də qanunvericiliyin tələblərinə məhəl qoymayan satış və kəsim məntəqələrinin sahibləri barədə inzibati tədbirlərin görülməsi barədə qərar qəbul edilir. İstehlakçıların heyvan mənşəli qidalar, xüsusilə ətdən keçə biləcək müxtəlif zoonoz xəstəliklərə yoluxmasının qarşısını almaq üçün heyvanlar mütləq kəsimdən əvvəl baytarlıq müayinəsindən, kəsimdən sonra isə baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Heç bir baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə cavab verməyən belə yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və satışı qanunla qadağandır. Heyvan mənşəli qidalar yüksək risk qrupuna daxil olduğundan belə məhsullar birbaşa vətəndaşların sağlamlığı üçün təhlükə törədə bilər. Hər bir istehlakçı ilk növbədə öz sağlamlığına biganə yanaşmamalı və anti-sanitar şəraitdə kəsilən heyvan ətini almamalıdır. Bu sahədə qanunsuz fəaliyyət göstərən hər bir sahibkar qanunvericiliyin tələbləri çərçivəsində məsuliyyət daşıyır”.

Əhməd