Xəbər lenti

Araik Arutyunyan Bakıya necə gətiriləcək? (RƏYLƏR)
Siyasət11:25 15.02.2022

Araik Arutyunyan Bakıya necə gətiriləcək? (RƏYLƏR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Araik Arutyunyanın İnterpol xəttilə və Bakı ilə Moskva arasında bağlanan qarşılıqlı hüquqi yardım haqqında razılaşmaya əsasən, Azərbaycana təhvil verilməsi mümkündür”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycan Baş Prokurorluğunun Qarabağ separatçılarının lideri Araik Arutyunyanın tezliklə həbs edilərək məhkəmə qarşısına çıxarılacağı ilə bağlı bəyanatı fonunda onun reallaşması üçün mümkün olan senarilərdən danışarkən deyib:
"Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində törədilmiş hər hansı bir cinayətə görə, prokurorluq cinayət işi qaldıra və onun icrasını həyata keçirə bilər. Azərbaycan Prokurorluğu Araik Arutyunyanla bağlı cinayət işi qaldırıb. O, terrorizmdə, separatizmdə, Azərbaycan əhalisinin məhv edilməsi cinayətində ittiham olunur. Cinayət işi açılandan sonra onun həbs edilib gətirilməsinin iki yolu var. Araik İnterpolun axtarışına verilməlidir. Bu yol daha düzgündür. Digər tərəfdən, Azərbaycanla Rusiya arasında qarşılıqlı hüquqi yardım haqqında razılaşmaya istinad etməklə Bakı həmin şəxslə bağlı şimal ölkəsinin hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Çünki Arutyunyanın ancaq Moskvaya gedib-gəlir. Bu iki variantdan istifadə edə bilərik. Rusiya buna getməsə, Bakı həmin ölkənin terroristi dəstəklədiyi məsələsini ortaya qoya bilər”. 
C. Nuriyev düşünür ki, interpol xəttilə onun həbs edilib təhvil verilməsini Ermənistan da həyata keçirə bilər: 
"Ancaq indiki halda Azərbaycanla Ermənistan arasında qarşılıqlı hüquqi yardım haqqında saziş yoxdur. İran da bu addımı ata bilər. Ona görə də ən yaxşısı A. Arutyunyanın İnterpola verilməsidir. Prokurorluq terrorçunu dəstəkləyənlərin sayının artmaması üçün belə etməklə düzgün addım atıb”. 
Hərbçi ekspert Üzeyir Cəfərov isə Baş Prokurorluğun həmin qərarına belə münasibət bildirib: 
"Qeyri-ciddi bəyanatdır. Bu, mümkün deyil. Təəssüf edirəm ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi belə bir açıqlama ilə çıxış edib. Rusiya Araik Arutyunyanı heç zaman Azərbaycana təhvil verməyəcək. O, hələ uzun illər Moskvaya lazımdır. İnterpol xəttilə o, necə axtarışa verilib ki, dəfələrlə rahat şəkildə Rusiyaya səfər etsə də, saxlayıb Bakıya təhvil vermirlər”. 
Qeyd edək ki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov açıqlama yayıb. Açıqlamada deyilir ki, "özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq”.
Nemət Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin "prezident"i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb. O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.
"İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək",-  o vurğulayıb.
Rüfət Sultan