Nüfuzlu azərbaycanlı iş adamının sahibi olduğu “Crocus İnternational” şirkəti Qırğızıstanın Avrasiya İttifaqına qoşulmasına dair “yol xəritəsi”ində əsas podratçılardan biridir.
Virtualaz.org saytı xəbər verir ki, şirkət Qırğızıstan respublikasının gömrük məntəqələrinin avadanlıqlarla təchiz edilməsi və quraşdırılmasını həyata keçirəcək.
Bu məqsədlə Rusiya hökuməti Qırğızıstana 200 milyon dollar əvəzsiz yardım ayırıb. Yardımın 129 milyonu ölkənin gömrük məntəqələrinin yeni avadanlıqlarla təchiz edilməsini həyata keçirmək üçün Ağalarovun şirkətinə verilib.
Qırğızıstanın “yeni SSRİ” kimi də tanınan Avrasiya İttifaqına tamhüquqlu üzvlüyü bu ilin may ayından qüvvəyə minməlidir. Bu gün Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayev 10 gündür “qeybə çəkilən” və barəsində ən müxtəlif şaiyələr yayılan Rusiya prezidenti Vladimir Putinlə görüşərək məsələni müzakirə edib.
Qırğızıstanın Avrasiya İttifaqına üzvlüyünə dair “yol xəritəsi”inə əsasən may ayına qədər ölkənin gömrük məntəqələri və labaratoriyaları təşkilatın tələblərinə uyğunlaşdırılmalıdır. Bu məqsədlə Rusiya 200, Qazaxıstan 100 milyon dollar yardım ayırmağa razılaşıb.
Qırğızıstan baş nazirinin müşaviri Oleq Pankratov deyib ki, Qazaxıstandan vəsait hələ daxil olmayıb. Rusiya isə tezliklə pulun bir hissəsini və avadanlıqları göndərəcək. Razılaşmanın layihəsinə əsasən vəsaitin 129 milyon dolları Rusiya Gömrük Xidməti tərəfindən gömrük məntəqələrinə avadanlıqlar, sanitar, veterinar və fitosanitar labaratoriyaların alınmasını həyata keçirmək üçün yeganə təchizatçı seçilən “Crocus İnternational”a ayrılıb.
Qırğızıstanda isə pulların bu şirkətə verilməsi suallar yaradıb. Müxalifətdə olan “Aykol El” partiyasının sədri Edil Baysalov “Azadlıq” radiosuna deyib ki, indiyədək Qırğızıstan hökuməti pulların ona veriləcəyini gözləyirdi. Ancaq məlum olur ki, vəsaitin əsas hissəsini Rusiya şirkəti alacaq.
Onun sözlərinə görə, bu, “fırıldaqdır” və Qırğızıstan hökuməti Rusiyaya deməli idi: “Cənablar, siz razılaşmanı imzaladınız. İndi isə pulun hamısını siz ayırsanız belə işləri görmək üçün hər iki tərəfdən şirkətləri seçməliyik. Təəssüf ki, bu, baş vermədi. Pullar Rusiya biznesmeninin cibinə getdi”.
Baysalov hökumətin bu razılaşmanın yerinə yetirilməsindən imtina etməli olduğunu deyib. Hökumətdə isə hesab edirlər ki, yardımı Rusiya ayırdığı üçün onun necə istifadə edilməsinə dair qərarı da o verə bilər.
Qaynar.info