
Türkiyənin tanınmış futbolçusu Arda Turanın keçmiş nişanlısı - aktrisa Sinem Kobalın sosial şəbəkədə paylaşdığı status aləmi bir-birinə qatıb.
Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İsrail istehsalı olan məhsullardan imtina çağırışına cavab olaraq aktrisa yazıb: "Bu markalar İsrail malı olduğu üçün almayın deyirsiniz. Ancaq unudursunuz ki, bu sətirləri yazdığınız Facebook-un sahibi Mark Zükerberq də yəhudidir. Hətta istifadə etdiyiniz kompyuterin Windows sistemi də yəhudi Bill Qeytsə məxsusdur. Yəni etiraz aksiyası keçirərkən belə yəhudi məhsullarına müraciət etməli oluruq”.
Sinem Kobal həmçinin, türk və yəhudi millətini də müqayisə edib ki, bu da sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub: "Acı həqiqətdir… Son yüz ildə 104 yəhudi elmi sahələrdə Nobel mükafatı alıb. Yatmış hesab etdiyimiz düşmən əslində yatmayıb, oyaqdır. Biz hələ "tutduğumuz orucu nə pozur?” – sualına cavab axtararkən yəhudilər inkişaf edir, irəliləyir. Ona görə də etiraz aksiyasını kənara qoyub hərə öz uşağını yaxşı oxutmağa çalışsın. Bəlkə o zaman – 50 il sonra İsrailin qarşısına çıxa biləcək gücümüz ola”.
Qeyd edək ki, yazdığı yorumun altında 10 dəqiqə ərzində yüzlərcə tənqidi fikir görən aktrisa dərhal statusunu silib.
Qaynar.info