Xəbər lenti

İdman 10:22 12.07.2023

Arif Əsədov: "Yerli məşqçilərə də Mutu qədər vaxt versələr..."

"Neftçi”nin Adrian Mutu ilə müqavilə bağlaması futbol ictimaiyyətində birmənalı qarşılanmır. Əksəriyyət ciddi məşqçi karyerası və uğurları olmayan rumın mütəxəssisin "Neftçi”yə fayda verməyəcəyini deyirsə, bunun əksini düşünənlər də var. 

Bəs "Neftçi”nin sabiq futbolçusu, hazırda millidə köməkçi məşqçi kimi fəaliyyət göstərən Arif Əsədov nə düşünür? Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bu yeni izdivacla bağlı fikirlərini bildirib. 

"Əvvəlcə həm "Neftçi”yə, həm də Mutuya uğurlar arzulayıram. "Neftçi” flaqmanımızdır. Hər zaman komandanın uğurlarına sevinmişik. Mutu nə verə biləcək? Futbolçu olduğum zamanlarda, millimiz Rumıniya yığması ilə oynayanda, Mutu ilə qarşılaşmışam. Onun futbolçu karyerası zəngindir. Amma məşqçi kimi hansısa uğura imza atdığını görməmişik. İstərdik ki, ilk dəfə "Neftçi”də buna nail olsun. Bir komandanın uğurlu olması üçün hazırlıq dönəmindən çox şey asılıdır. Mutu "Neftçi”ni çətin durumda qəbul edib. Çünki komanda artıq hazırlığa başlayıb. Sankt-Peterburqda turnirdə iştirak edir. Rəqiblərin güclü olması müsbət haldır. Amma önəmli yarışlara, Konfrans Liqasına "Neftçi” baş məşqçisiz hazırlaşdı. Mutunu da qarşıda çətin marafon gözləyir. Vaxt azlığı var. Bir neçə gündən sonra Konfrans Liqası başlayacaq”.

"Regekampfın uğursuzluğuna rəğmən yenidən rumın futboluna müraciət etmək nə dərəcədə düzgündür” sualını Əsədov belə cavablandırdı:

"Bu da sual doğurur. "Neftçi” eşitdiyimə görə Sərgən Yalçınla danışıqlar aparırdı. Həmçinin Rusiya ilə əlaqələr qurulmuşdu. Sonda yenidən rumın mütəxəssis üzərində dayanmaları maraqlıdır. Ancaq buna biz cavab verə bilmərik. Seçimin uğurlu və ya uğursuz olduğunu zaman göstərəcək. Ümumiyyətlə "Neftçi”də daha çox yerli məşqçilər uğur qazanıb. Bunu statistika da göstərir. Yerlilərin rəhbərliyi altında həm ölkə çempionu olublar, həm də ilk dəfə Avroliqanın qrup mərhələsində iştirak ediblər. Amma istərdik ki, bu tilsimin Mutu tərəfindən qırıldığına şahid olaq”.

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednikdən başqa heç bir rumın məşqçi Azərbaycan futbolunda nəticə göstərməyib. Onun da gücü ancaq Azərbaycan Kubokunu qazanmağa çatıb. Maraqlıdır, azərbaycanlıların rumın sevgisi nədən irəli gəlir? 

"Mən "Neftçi”də işləyəndə Rednik "Xəzər Lənkəran”da çalışırdı. O da ancaq kuboku qazanmaqla kifayətlənmişdi. Rednikə yaradılan şərait yadımdadır. Hər transfer dönəmində 30-a yaxın futbolçu gətirirdi. Böyük maliyyə dəstəyi vardı. Hansı ki, həmin futbolçular üçün böyük məbləğlər tələb olunurdu. Bu dəstəyin müqabilində "Xəzər Lənkəran”a çempionluq yaşada bilərdi. Amma kubokla kifayətləndi. Belə baxanda Ağasəlim Mircavadov "Xəzər Lənkəran”da daha yaxşı nəticə göstərib. Həm ölkə çempionluğunu əldə edib, həm də "Birlik Kuboku”nda uğuru olub. Xarici mütəxəssislərin Azərbaycanda uğur qazanması çətindir. Xüsusən də mentalitet baxımından. Çünki gələn kimi mütləq nəticə verməlidirlər. Buna nail olmayanda aradakı saziş pozulur. Yerli mütəxəssislərə də vaxt verilməlidir. Qurban Qurbanov nümanəsi var. "Qarabağ” ona vaxt verməklə böyük uğurlara imza atdı. Regekampf da Konfrans Liqasının başlamasına yaxın gəlmişdi. Ona vaxt verilməsinə baxmayaraq çempionatda üçüncü yer tutaraq uğursuz çıxışla yadda qaldı. Mutunu da belə aqibət gözləməsini istəməzdik. Ancaq real baxsaq, görərik ki, eyni istiqamətdir. Onun üçün uğur qazanmaq heç də asan olmayacaq”.

Arif bəy "Neftçi”nin yerli məşqçilərə güvənmək istəməməsinin səbəbləri haqda düşüncələrini də bölüşdü:

"Buna birmənalı şəkildə cavab vermək olmur. Starteji yanaşmadan asılıdır. "Neftçi” kimi komandalarda uzun plan olmalı və ona görə hərəkət etməlidirlər. Ölkə çempionluğundan sonra məqsəd ancaq qrup mərhələsidir. Bəlkə də rəhbərlik bu nöqteyi-nəzərdən yanaşır. Bunun üçün məşqçiyə vaxt verilməli, uzunmüddətli strateji plan qoyulmalıdır. Amma məncə yerli məşqçilərə də onun qədər vaxt versələr, uğur qazanmaq mümkündür”.

Səbuhi Həsənov



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->