BMT Rusiyanın Təhlükəsizlik Şurasına üzvlüyünü dayandırmaq üçün mexanizm hazırlamalıdır, çünki o, sistematik olaraq beynəlxalq hüququ pozur.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.
O, Rusiyanın Təhlükəsizlik Şurasından tamamilə çıxarılmasının tərəfdarı olmadığını vurğulayıb.
"Mənim nöqteyi-nəzərimə görə, dayandırma mexanizmi yaradılmalıdır: mən Rusiyanın tam xaric edilməsindən danışmıram, ən azı Rusiyanın Təhlükəsizlik Şurasında üzvlüyünün dayandırılmasından danışıram”, deyə Mişel RTVI-ya müsahibəsində bildirib.
Eyni zamanda, Avropa Şurasının rəhbəri etiraf edib ki, "hazırda bu, mümkün deyil. Bu, BMT-nin təhlükəsizlik konsepsiyasının özünün dalana dirənməsinə gətirib çıxaracaq".
"Lakin biz gördük ki, bu müharibə başlamazdan əvvəl də BMT-nin təhlükəsizlik konsepsiyası artıq çox bərbad idi... Ona görə də mən gec-tez BMT-nin fəaliyyətində islahatların məcburi olacağına inananlar arasındayam", deyə Mişel əlavə edib.
Avropa Şurasının rəhbəri qeyd edib ki, BMT-nin təhlükəsizlik strukturu çox vaxt əsas beynəlxalq problemlərin, xüsusən də Ukrayna münaqişəsinin həllində acizdir. Onun fikrincə, indi BMT müasir dünya düzəninin balansını tam nəzərə almır, bu da Afrika və Latın Amerikası ölkələrinin təşkilatda təmsilçiliyindəki böhranda özünü göstərir.
Nizami Bağırov