Xəbər lenti

“Artıq NATO qoşunları da savaşa qoşulur” - Ekspert
Dünya08:32 27.07.2023

“Artıq NATO qoşunları da savaşa qoşulur” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "taxıl sazişi”ndən çıxması və bu fonda Qara dənizdə mülki gəmilərə hücumları perspektivi artıq Qərbi daha ciddi addımlar atmağa vadar edə bilər. Belə ki, iki gün öncə Ukrayna prezidenti Volodimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə danışı zamanı Qara dənizdə təhlükəsizliklə bağlı məsləhətləşmələr üçün NATO-Ukrayna Şurasının çağırılmasını təklif etdiyini bildirib. Onun çağırışına cavab olaraq NATO Baş katibi də səslənən təklifi dəstəkləyib. Bunu NATO-nun sözçüsü Oana Lunqesku deyib. 
Qaynarinfo-ya açıqlama verən "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, NATO-Ukrayna Şurası tərəfindən taxıl daşıyan gəmilərin müdafiəsi üçün müdafiə sisteminin yaradılması və Türkiyə donanmasının bu gəmiləri müşayiət etməsi barədə qərarlar veriləcəyini gözləmək olar.
Ekspert hesab edir ki, "taxıl sazişi”nin fəaliyyət göstərməsində ticari əlaqələr baxımından Avropa Birliyinin da marağı var:
"Bu mənada, həmin istiqamətdə atılan hər hansı bir əngəlləyici addım Qərbin də marağına toxunur. Onu qeyd edim ki, Qara dəniz ölkələri olan Türkiyə, Bolqarıstan və Rumıniya NATO üzvləridir. Marşurutlar da əsasən onların su hövzəsi ərazilərindən keçir. Ona görə də Ukrayna-NATO Şurası tərəfindən yaranmış vəziyyətdə Ukraynaya dəstək vermələri, müdafiə sistemini işə salmaları və hətta ola bilsin Türkiyənin taxıl daşıyan gəmiləri müşahidə etməsi barədə qərarlar verilsin. Hər halda görünən odur ki, Qərb Ukrayna hadisələrinə daha dərindən müdaxilə etməyə başlayır. Tendensiya bu istiqamətə doğru gedir. Müharibənin əvvəli ilə müqayisədə Qərb prosesə getdikcə daha dərindən müdaxilə etməyə məcbur olur. Artıq heç kim Qərbin prosesdə iştirakçı olduğunu gizlətmir. Sadəcə olaraq, birbaşa qoşunla iştirak yoxdur. Qara dənizdə taxıl daşıyan gəmilərin NATO gəmiləri tərəfindən müşayiət edilməsi qərarı verilsə, bu o demək olacaq ki, artıq NATO qoşunları da işə salınır”. 
Rüfət Sultan