İtaliyalı müstəntiqlər Krasnoyarsk diyarının qubernatorunun oğlu Artyom Ussa ev dustaqlığından qaçmasına kömək edən 4-5 nəfəri müəyyənləşdiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica” qəzeti məlumat
yayıb.
"La Repubblica”nın məlumatına görə, Ussun qaçışı əməliyyatında bilavasitə 6-7 nəfər iştirak edib. Müstəntiqlərin fikrincə, onun qaçması üçün əməliyyat qrupunda ən azı on nəfər olub.
Müstəntiqlərin fikrincə, Artyom Uss Milandan Triyest şəhərinə yol boyu bir neçə maşını dəyişərək gedib. Triyestdə Uss Sloveniya sərhədini keçib və oradan da Serbiyaya çatıb. Müstəntiqlərin fikrincə, Artyom Uss Rusiyaya Serbiyadan təyyarə ilə gəlib.
Xatırladaq ki, Artyom Uss 2022-ci ilin oktyabrında ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında şübhəli bilinərək Milanda saxlanılıb. İtaliya məhkəməsi Artyom Ussun ABŞ-a ekstradisiyasını təsdiqləyib və onu ev dustaqlığına buraxıb. Martın 23-də onun elektron qolbağını sındıraraq Milanda kirayə qaldığı mənzili tərk etdiyi məlum olub. Aprelin 4-də Artyom Uss mediaya Rusiyada olduğunu bildirib.
Rusiyada, 2022-ci ilin oktyabrında Artyom Uss çirkli pulların yuyulması işində federal axtarışa verilmişdi. Moskvanın Meşçanski rayon məhkəməsi onu qiyabi həbs edib. Rusiya Federasiyasına qayıtdıqdan sonra könüllü olaraq Daxili İşlər Nazirliyi orqanlarına təslim oluqdan sonra Uss zaminə buraxılıb.
Nizami Bağırov