
Oktyabrın 4-də AXCP sədrinin müavini, Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev partiyadan və Milli Şuradan istefa verib. O, xəbəri “Facebook” şəbəkəsində elan edib.
Asəf Quliyev “Facebook”da yazıb ki, Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğursa da, sonradan şura fəaliyyətində nöqsanlara yer verib, daxilli ziddiyyətlər, şuranı Rusiyanın layihəsi adlandıranlar, şura əleyhinə təbliğat aparanlar qurumda önə çəkilib.
Asəf Quliyev bütün bunların onda narahatlıq yaratdığını vurğulayıb: “Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum... Şübhəsiz ki, yenə də bu yolda olacam”.
Məsələ ilə bağlı “Media forum” saytı Asəf Quliyevə müraciət edib. O bildirib ki, suallara geniş cavab vermək, bu barədə geniş danışmaq istəmir.
Eyni zamanda Asəf Quliyev qeyd edib ki, siyasətdən getmək niyyəti yoxdur, siyasi proseslərdə yenə fəal iştirak edəcək: “Mövqeyimi dəyişməmişəm. Əvvəlki mövqeyimdə qalıram”.
İstefası haqda AXCP sədri Əli Kərimlini əvvəlcədən məlumatlandırmadığını deyən Asəf Quliyev oktyabrın 4-də AXCP sədri ilə görüşüb söhbətləşəcəyini bildirib.
Asəf Quliyev vurğulayıb ki, ona heç bir təzyiq olmayıb, istefa qərarına özü gəlib.
Qaynar.info