Xəbər lenti

Asim Mollazadə "Deputat gündəliyi"ndə: "Hələ çox işlər görməliyik"
Ölkə13:39 20.12.2018

Asim Mollazadə "Deputat gündəliyi"ndə: "Hələ çox işlər görməliyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dostlar qazanmaqla yanaşı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıram"
Aznews.az-ın "Deputat gündəliyi" rubrikasının budəfəki qonağı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə olub.
- Deputatlar, adətən zamanın azlığından şikayət edirlər. Siz necə, zamandan şikayətçisiniz, ya tədbirlərin çoxluğundan?
- Təbii ki, yetərincə zamanımız olmur. Lakin işi düzgün planlaşdıranda, hər şeyi öncədən plana salanda hər bir iş üçün zaman çatdırmaq mümkündür. Mən bir həftə əvvəl görəcəyim işləri təqvimə salıram, yazılı qeydlərimi aparıram. Bəzən gözlənilməz tədbirlərdən dolayı qrafikdə müəyyən dəyişikliklər olur. Amma əsasən plan üzrə hərəkət edirəm. Çalışıram ki, təqvim üzrə hər bir planı yerinə yetirim.
- Seçicilərlə hansı formada görüşürsünüz?
- Seçiciləri əsasən partiyanın qərargahında qəbul edirəm. Buradakı şərait imkan verir ki, rahat şəkildə seçiciləri qəbul edim. Milli Məclisə gələnlərə isə istiqamət verilir, onlar da qərargaha gəlirlər. Seçicilər bəzən telefon vasitəsilə və ya internet üzərindən müraciət edirlər. Amma mən uzun müddətdir eyni ərazidə fəaliyyət göstərdiyimə görə hər kəs artıq çox gözəl bilir ki, hara və necə müraciət etmək lazımdır.
- Müraciətlər zamanı sizdən daha çox nəyi xahiş edirlər?
- Əsasən, məişət və iş problemləri ilə bağlı müraciətlər olur.
- Milli Məclisin komitə və plenar iclaslarında çıxışlarınız zamanı öncədən hazırlaşırsınız, yoxsa məsələ ilə yerindəcə tanış olub ona münasibət bildirirsiniz?
- Bizim hər hansı bir qanun layihəsi və ya məsələ ətrafında əvvəlcədən fikirləşmək imkanımız olur. Məsələn, mən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, eləcə də Elm və təhsil komitələrində təmsil olunuram. Qanun layihələri daha çox Elm və təhsil komitəsində müzakirəyə çıxarılır. Bu gün həmin komitə cəmiyyət üçün önəmli olan qanuin layihələri hazırlayaraq, müzakirəyə çıxararaq öz börcunu layiqincə verməyə çalışır. Komitə bir sıra mühüm qanun layihələrini qəbul edərək Azərbaycanın elm və təhsil sahəsində islahatların, sistemin formalaşmasında və hüquqi bazanın yaradılmasında yaxından iştirak edir.
- Asim müəllim, bir dəfə demisiniz ki, parlament diplomatiyasından geniş istifadə olunmalı və deputatlar özlərinə dost qazanmalıdırlar. Siz necə, yetərincə dost qazana bilmisinizmi?
- Bilirsiniz ki, mən Azərbaycan parlamentinin üzvü olaraq iki beynəlxalq təşkilatda fəaliyyət göstərirəm. Bu istiqamətdə öz fəaliyyətimi davam etdirirəm. Dostlar qazanmaqla yanaşı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıram. Eyni zamanda, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəriyəm. Bu qrup Braziliya ilə əlaqələrdə, münasibətlərin inkişafında çox fəal iştirak edir. Qrupun əsas amalı yenə də Azərbaycanla bağlı bütün həqiqətləri qarşı tərəfə çatdırmaq, əlaqələri doğru istiqamətdə qurmaq və Azərbaycanın bu ölkəyə çıxışını təmin etməkdir. Bunlar çox mühüm məqamlardır.
Bundan başqa, bu gün dünyada informasiya müharibəsi gedir. Bilirsiniz ki, dünyanın hər yerinə yayılan erməni lobbisi bu istiqamətdə aktivlik göstərir. Ona görə Azərbaycan tərəfi də bununla bağlı çox ciddi işlər aparmalıdır. Ölkəmizi bu informasiya müharibəsində layiqli müdafiə etmək üçün hələ çox işlər görməliyik.
- Beynəlxalq təşkilatlardakı çıxışlarınız, məruzələriniz üçün öncədən hazırlıq görürsünüzmü?
- Mütləq! Nümayəndə heyəti hər bir tədbirdən qabaq toplaşır, çıxışlar müəyyənləşdirir və qaldırılacaq məsələlərin müzakirəsini aparır.
- Evdən Milli Məclisə gedən yolda sizi narahat edən nələrə şahid olursunuz?
- Evdən Milli Məclisə qədər olan yolum çox da uzun deyil ki, ciddi problemlərlə də rastlaşım. Yollardakı tıxaclardan başqa, Bakı şəhərində elə də ciddi bir problem görmürəm. Bilirsiniz ki, paytaxtda son illərdə çox ciddi dəyişikliklər olunub. Yollar müasir standartlara əsasən yenidən qurulub. Sadəcə olaraq, avtomobillərin çoxluğundan dolayı gün ərzində müəyyən tıxaclar mövcuddur. Əslində, mən çox vaxt şəhərdə piyada gəzməyə çalışıram. Bu, həm sağlamlıq, həm də şəhərlə tanışlıq üçün ən yaxşı seçimdir.
- Asim müəllim, işlərin bu qədər çox olmasına rəğmən şəxsi yaradıcılığınıza və həyatınıza da vaxt qalırmı?
- Əlbəttə qalır. Sadəcə olaraq, hər şeyi doğru olaraq tənzimləmək lazımdır.
- Son bir sual, deputatlıq sizin üçün nə deməkdir?
- Deputatlıq ilk növbədə xalqa və dövlətə xidmət deməkdir. Əslində, mən özümü çox xoşbəxt hiss edirəm ki, müstəqil Azərbaycan dövlətinə xidmət edirəm. Hər bir xalqın ən yüksək rütbəsi məhz onun müstəqil bir dövlətinin olmasıdır. Xalqın inkişafı da bilavasitə bu müstəqilliklə bağlıdır...