Xəbər lenti

Asiya uğrunda yeni savaş: Çin uğur qazana biləcəkmi?
Dünya08:33 16.12.2023

Asiya uğrunda yeni savaş: Çin uğur qazana biləcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın ardınca Çin də NATO-nun şərqə doğru genişlənməsindən narahat olmağa başlayıb. Ən azından Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəmdəsi Mao Ninin NATO-nun Asiya-Sakit okean regionundakı fəaliyyətinin genişləndirilməsi ona qeyri-sabitlik gətirəcək açıqlaması artıq Pekinin də narahatlıq keçirdiyinə işarədir. 
Çin XİN-in rəsmi nümayəndəsi "TASS" müxbirinin Rusiya prezidenti Vladimir Putinin alyansın regiona daxil olması planları ilə bağlı söylədiklərini şərh etməklə bağlı sualına cavab olaraq deyib ki, NATO-nun şərqə doğru irəliləməsi blokun regional müdafiə təşkilatı kimi mövqeyinə uyğun gəlmir. 
"Bu, Asiyaya yalnız blok qarşıdurması gətirəcək və regional sülhü və sabitliyi pozacaq", deyə XİN-in rəsmi nümayəmdəsi əlavə edib. 
Aydın məsələdir ki, bu istiqamətdə Pekini qızışdıran Rusiya prezidenti Putinin verdiyi açıqlamadır. Belə ki, bu yaxınlarda Putin NATO-nun öz doktrinalarını pozaraq coğrafi hüdudlarından kənara çıxmaqla Asiyaya doğru getməyə çalışdığını bildirib. Sözsüz ki, hər hansı bir təşkilatın öz hüdudlarını genişləndirməsi hər zaman ona rəqib olanları qıcıqlandırıb. Xüsusən də məsələ hərbi alyansın genişləndirilməsindən gedirsə, bu əks tərəfləri daha çox təşvişə salır. Bu mənada Çin XİN rəsmisinin açıqlaması başa düşüləndir. 
Birmənalı şəkildə bəllidir ki, NATO-nun şərqə doğru irəliləməsi heç də hamar getməyəcək. Bu yolda çətinliklər, keçilməsi müşkül olan sədlər olub və olacaq. Belə addımlar həmin qurumlara can atan yeni ölkələr üçün də ilk dövrlərdə heç də sabitlik gətirmir. Bu, Ukraynanın timsalında açıq şəkildə görünür. Lakin bu o demək deyil ki, NATO öz mövqeyindən və ona can atan ölkələr də öz istəklərindən əl çəkəcək. Proses tədricən, bəzən ləng, bəzən sə sürət götürməklə sözsüz ki, NATO-nun Şərqə, hətta Pekinin qorxduğu Asiya-Sakit okean regionuna doğru istiqamət götürəcək. Amma bu indinin deyil, gələcəyin işidir. İndiki halda Putinin yuxarıda qeyd edilən həmin məqamı qabartması əslində özünün getdiyi yola, yəni NATO ilə mübarizəyə digərlərini də cəlb etmək məqsədi daşıyan bir açıqlamadır. Bu mənada Putinin açıqlaması ilk növbədə məhz Çinə ünvanlanıb. 
TASS müxbirinin Putinin həmin sözlərindən dərhal sonra sualı Çin rəsmisinə ünvanlaması da heç də təsadüfi deyil. Bu əvvəldən hazırlanmış planın tərkib hissəsidir. Moskva NATO ilə mübarizədə nəhəng Çin dövlətini özünə bağlamaqla, onun potensialından yararlanıb, bununla da təşkilatın Şərqə doğru irəliləməsinin qarşısını almaq istəyir. 
Görünür, Kremldə Çini də KTMT-yə qoşmaq və ya onunla ayrıca bir hərbi ittifaq bağlamaq kimi ideyalar gündəmə gətirilib. Lakin Moskvanın nə istəməsindən asılı olmayaraq, gedişat göstərir ki, NATO nəyin bahasına olursa-olsun Şərqə doğru irəliləməkdədir. Düzdür, yaxın perspektivdə Asiya-Sakit okean ölkələrinin NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil. Bunun baş verməsi üçün indiki mərhələdə Rusiya faktoru aradan qaldırılmalıdır ki, bu da olduqca çətin prosesdir. Nə qədər ki, Rusiya amili aradan götürülməyib, NATO-nun Uşaq Şərq arzusu da hələlik reallaşmayacaq. Ona görə də Pekinin hələlikdə Moskvanın avantürasına getməyi əbəsdir. Digər tərəfdən, ABŞ NATO olmadan da belə sözügedən bölgədə Yaponiya, Avstraliya, Cənubi Koreya və Böyük Britaniyadan ibarət ciddi bir koalisiya yaradıb. 
Rüfət Sultan