XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Astronavtlar Beynəlxalq Kosmik Stansiyanın antenasını dəyişəcək
Dünya17:59 18.08.2026

Astronavtlar Beynəlxalq Kosmik Stansiyanın antenasını dəyişəcək

NASA astronavtı Anil Menon və Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Sofi Adeno Beynəlxalq Kosmik Stansiyanın rabitə sistemindəki əsas antenanı dəyişdirmək üçün kosmosa çıxacaqlar.

Tiraj.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “US Spacewalk 97” adlandırılan kosmosaçıxışın avqustun 18-də ABŞ Şərq vaxtı ilə saat 08:35-də (12:35 UTC) başlaması planlaşdırılır.

Astronavtların stansiyadan kənarda təxminən 6 saat 30 dəqiqə işləyəcəyi gözlənilir. Onlar işləri stansiyanın “Quest” hava kilidindən və Z1 ferması boyunca həyata keçirəcəklər.

Əsas vəzifə sıradan çıxmış Space-to-Ground antenasının sökülməsi və ehtiyat antena ilə əvəzlənməsidir. Bu antenna Beynəlxalq Kosmik Stansiya ilə NASA-nın Hyustondakı Missiya İdarəetmə Mərkəzi arasında yüksək sürətli rabitəni təmin edir. Sistem vasitəsilə Yer və stansiya arasında məlumat və səs əlaqəsi həyata keçirilir.

Kosmosaçıxış Beynəlxalq Kosmik Stansiyanın müntəzəm texniki xidmət proqramının bir hissəsidir. Stansiyada 25 ildən artıqdır ki, fasiləsiz olaraq insanlar yaşayır.

Anil Menon iki həftədən az müddət ərzində ikinci dəfə kosmosa çıxacaq. O, avqustun 6-da NASA astronavtı Cessika Meirlə birlikdə stansiyadan kənarda 6 saat 27 dəqiqə çalışıb. Həmin missiya zamanı gələcəkdə əlavə açılan günəş panelinin quraşdırılması üçün enerji sisteminin bir hissəsi hazırlanıb.

Sofi Adeno üçün isə bu, ilk kosmosaçıxış olacaq. Bununla o, kosmosa çıxan ilk fransız qadın və 2022-ci ildə bu addımı atan italiyalı astronavt Samanta Kristoforettidən sonra kosmosa çıxan ikinci avropalı qadın olacaq.

Günay