
Uşağın anası hamilə olduğunu hamıdan gizlədirmiş, qonşulara sadəcə kökəldiyini deyirmiş
Rusiyanın Saratov vilayətinin sakinləri nohur kənarındakı zibil qabına polietilen torbada atılmış yeni doğulmuş körpəni xilas ediblər. Anspress Rusiya mətbuatına istinadən bildirir ki, körpənin sağ qalması Rtişşev şəhərinin sakinlərini heyrətə salıb.
Çünki o, 12 saat torbanın içində siqaret kötükləri, istifadə edilmiş tualet kağızı, yemək tullantıları və anasının qanlı şortu ilə bir yerdə keçirib. Yerli əhali uşağı aşkarlayandan sonra polisə müraciət ediblər. Onu yerli doğum evinə aparıblar, ilk dəfə qidalandırıblar. Həkimlərin sözlərinə görə, 1,9 kiloqram çəkisi olan uşaq tamamilə sağlamdır. Polis əhali arasında araşdırma aparıb və müəyyən olub ki, uşağın anası 31 yaşlı Marina Buravlevadır.
Polisə o bildirib ki, uşağın ölü olduğunu düşünüb, ona görə də atıb. Amma qonşularının dediyinə görə, o, hamilə olduğunu hamıdan gizlədirmiş. Qonşulara sadəcə kökəldiyini deyirmiş.
Qaynar.info