İdman 22:09 19.03.2023

Avropa çempionatı: Milli komandalarımız 12 medal qazandı

Azərbaycanın güləş milliləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatını 12 medalla başa vurublar.

Qaynarinfo xəbər verir ki, yarışın son günündə sərbəst güləşçi Turan Bayramov 74 kq çəki dərəcəsində qitə çempionu olub.

Fərid Cabbarov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) isə bürünc medal şansını əldən veriblər.

Beləliklə, Azərbaycanın güləş yığmaları Avropa çempionatını ümumilikdə 6 qızıl, 3 gümüş, 3 bürünc medalla tamamlayıblar.

Sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.

Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.