
Azərbaycanın futbol üzrə 2020-ci il Avropa çempionatının keçirməyə namizədliyinin verilməsi üçün sifariş kitabının hazırlayacaq İşçi Qrupun tərkibi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun sədri olduğu İşçi qrupuna daha 7 AFFA rəsmisi - Sərxan Hacıyev, Cavid Qarayev, Mikayıl Quluyev, Könül Mehtiyeva, Səbinə Hüseynova, Rəmiş Malıyev və Elnur Məmmədov daxildir.
İşçi Qrupun vəzifəsi namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanmasıdır. İşçi Qrup AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılıb. Əmrin icrasına nəzarəti də AFFA prezidenti üzərinə götürüb.
Qeyd edək ki, 2020-ci il Avropa çempionatının ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin 22 may 2013-cü il tarixli sərəncamına əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.
Qaynar.info