"Avropa İttifaqı missiyasının regiona gəlişi Ermənistanın əl-qolunun açılmasına xidmət edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu deyib. Ermənistanla sərhəddə atəşkəsin pozması hallarının intensiv xarakter almasına münasibət bildirən ekspert deyib ki, Avropa İttifaqı missiyasının bölgəyə gəlişi hələlik gözlənilən sabitlik və təhlükəsizliyi təmin etməyib:
"İlk baxışdan belə görünür ki, əslində Aİ missiyasının regiona gəlişi doalyısı ilə məhz bölgədə sabitliyin pozulması və Ermənistanın əl-qolunun açılmasına xidmət edir. Bir müddət əvvəl Avropa Birliyi Parlament Assambleyasının Azərbaycanda insan haqlarının pozulması və siyasi məhbusların olması ilə bağlı məsələni qabartmasını da əslində erməni diasporası təşkil etmişdi. Avropa Birliyi müstəqil siyasət yürüdə bilmir. Aİ-nin əsas dövlətləri olan Fransa və Almaniya belə ABŞ-ın müəyyən etdiyi həddi keçmək iqtidarında deyil. Aİ məhz ABŞ-ın israrlı tələbilə Rusiya və İrana sanksiya tətbiq edib. Halbuki həmin sanksiyalardan Aİ-yə daxil olan dövlətlərin özləri də əziyyət çəkir”.
Ekspertin fikrincə, ABŞ və Aİ bölgədə Rusiyanın moderator rolunu əlindən almaq, onu buradan uzaqlaşdırmağa çalışır:
"Təxribatlar da bu məqsədlə törədilir və bununla da Rusiyanın əslində bölgədə sabitlik və təhlükəsizliyi təmin etmək iqtidarında olmadığı təsəvvürünü formalaşdırırlar. Onlara görə bölgəyə təhlükəsizliyi təmin edə biləcək fərqli sülhməramlı qüvvələr gəlməlidir”.
Rüfət Sultan