Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstanda müxalif telekanalın həbsdə olan baş direktorunun azadlığa buraxılmasını və rəsmi Tiflisin atdığı bir neçə addımı alqışlayıb.
Qaynarinfo "Avropa həqiqəti”nə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının kommünikesində deyilir.
Şarl Mişel Gürcüstan prezidentinin Nika Qvaramiyanı əfv etmək qərarını, eləcə də baş nazir İrakli Qaribaşvilinin "xarici agentlər” haqqında qanunun qəbulu cəhdlərini təkrar etməyi planlaşdırmadıqlarını təsdiq etməsini alqışlayıb.
Avropa Şurasının prezidenti Gürcüstan parlamentinin yekun oxunuşda "deoliqarxizasiya” haqqında qanunun təsdiqlənməməsi qərarını da müsbət addım kimi qeyd edib: "Biz Venesiya Komissiyasının tövsiyə etdiyi kimi, sistemli yanaşmaya diqqət yetirməliyik”.
Avropa Şurasının prezidenti əlavə edib ki, "Gürcüstanın gələcəyi Aİ-dədir”.
Bundan əvvəl Avropa Şurasının Venesiya Komissiyası Gürcüstan hakimiyyətini deoliqarxizasiya haqqında qanun layihəsini qəbul etməməyə çağırıb, əvəzində diqqəti ədalətli rəqabətin gücləndirilməsi, yüksək səviyyəli korrupsiya ilə mübarizə, məhkəmələrin müstəqilliyi və media plüralizminə yönəltməyi tövsiyə edib.
Buna baxmayaraq, rəydən sonra Gürcüstan parlamenti qanun layihəsinə ikinci oxunuşda səs verib.
"Deoliqarxizasiya” Avropa Komissiyasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusu almaq üçün verdiyi on iki tövsiyədən biridir.
Cümə axşamı günü Gürcüstanla bağlı açıqlanan Müvəqqəti Rəyində Avropa Komissiyası üç tələbin yerinə yetirildiyini, yeddi tələbin "müəyyən irəliləyiş", birində "məhdud irəliləyiş" olduğunu, media plüralizmi tələbiylə bağlı "heç bir irəliləyiş" olunmadığını bildirib.
Alpər