Dünya 19:01 18.05.2022

Avropa Komissiyası Ukraynanın Bərpası Planını təsdiqlədi (YENİLƏNİB)

Avropa Komissiyası Ukraynanın Bərpası Planını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram” kanalında bildirib.

"Avropa Komissiyası Ukraynanın Bərpası Planını təsdiqlədi! Artıq Ukraynaya 9 milyard avroluq makromaliyyə yardımı təklif edilir... Ancaq bu məsələdə əsas məqam pul deyil. Əsas verilən rəsmi mesajdır ki, Aİ Ukraynanın gələcək bərpasında əsas oyunçu olacaq. Biz birlikdə nəinki rusların məhv etdiklərini bərpa edəcəyik, həm də Yeni Ukrayna quracağıq. Yeni Avropa qaydalarına uyğun”, deyə nazir qeyd edib.

Baş nazir vurğulayıb ki, Aİ Müharibədən Sonra Yenidənqurma üzrə Milli Şuranın hazırladığı planı əsas götürəcək. Eyni zamanda, yenidənqurma prosesinin "sahibi” Ukrayna olacaq, lakin maksimum şəffaflıq və səmərəlilik üçün avropalı tərəfdaşlar prosesə cəlb olunacaq.

Ümumi plan 4 sütuna əsaslanacaq:

- ən son standartlara və Avropa siyasətinə uyğun olaraq bütün infrastrukturun bərpası;

- Ukrayna dövlətinin və institutlarının modernləşdirilməsi;

- Ukraynanın bütün sahələrdə və istiqamətlərdə Aİ ilə maksimum inteqrasiyası;

- iqtisadi transformasiya, həmçinin Ukrayna biznesi üçün yeni imkanlar.

"Ölkəmizlə həmrəylik nümayiş etdirib bu sənədi qəbul etdiyinə görə Avropa Komissiyasına minnətdarıq. Biz qələbəyə və həmçinin Avropa İttifaqının güclü və bərabərhüquqlu üzvü olacaq gözəl Ukraynamızı quracağımıza əminik!”, - Baş nazir Şmıqal qeyd edib.
 
18.35

"Ukraynanın Bərpası Planı” adlanan strateji plan artıq bu gün Avropa İttifaqı tərəfindən təsdiqlənməlidir.

Qaynarinfo xəbər verir ki, Almaniyanın "Sueddeutsche Zeitung” nəşri 8 səhifəlik layihənin qaralamasını əldə edə bilib.  

Plan üzv dövlətlər və beynəlxalq tərəfdaşların Ukraynadakı layihələrə vəsait ayırması üçün nəzərdə tutulub. Vəsaitlərin ayrılması korrupsiyaya qarşı mübarizə və Ukrayna hökumətinin islahatları kimi sərt şərtlərə tabe olduğu bildirilir. Ukrayna Aİ-yə üzv olmaq istədiyindən islahatlar ölkəni İttifaqa yaxınlaşdırmalıdır. 

Avropa Komissiyasının fikrincə, bərpa "on ildən çox davam edə bilər". Burada "olduğundan daha yaxşı qurmaq” prinsipi tətbiq edilməlidir. Bu o deməkdir ki, yeni infrastruktur və evlər, məsələn, iqlim şərtləri nəzərə alınmaqla layihələndirilməlidir.

Yeni proqram müqabilində Kiyev qeyd edilən islahatlarla yanaşı, digər vədlər də verməlidir: Ukrayna iqtisadiyyatının Aİ-nin daxili bazarına daha sıx inteqrasiyası, biznes mühitinin yaxşılaşdırılması və Ukrayna qanunvericiliyinin Aİ qanunvericiliyinə tədricən uyğunlaşdırılması. 

Nəşr qeyd edir ki, "nə qədər pul lazım olduğu hələ məlum deyil, lakin müharibənin vurduğu ziyan artıq yüz milyardlarla avroya çatır”.

Avropa İttifaqının maliyyə töhfəsi Aİ-nin yeni büdcə proqramı vasitəsilə həyata keçiriləcək. Üzv ölkələr islahat və investisiya planlarını Komissiyaya təqdim etməlidirlər. Səlahiyyətli orqan onları nəzərdən keçirir və sonra aşağı faizli qrantları və kreditləri təsdiqləyir, ayrı-ayrı tranşlar əldə edilə bilən müəyyən mərhələlərlə bağlıdır.

Avropa Komissiyası Kiyevə güzəştli kreditlərin ayrılmasını yeni borclar götürməklə maliyyələşdirməyi təklif edir. Bundan sonra Aİ-yə üzv dövlətlər bu cür borclara görə ümumi məsuliyyət daşıyacaqlar.

Nəşr qeyd edir ki, bu təklif "təhlükəlidir", çünki Almaniya da daxil olmaqla bəzi Aİ hökumətləri ümumi Avropa borcu mexanizmini çox tənqid edir.

Brüssel həmçinin müsadirə edilmiş Rusiya aktivlərindən Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə oluna biləcəyini qeyd edib. Lakin bu məsələ hüquqi baxımdan həssas hesab olunur.

"Bloomberg”in əldə etdiyi məlumata görə, "Ukraynanı bərpa etmək” təşəbbüsü çərçivəsində Aİ ölkədə müharibənin başlamasından sonra sanksiyalara məruz qalan rusiyalı şəxslərin müsadirə edilmiş aktivlərinin istifadəsini araşdıracaq. Almaniyanın maliyyə naziri Kristian Lindner bir sıra Avropa mediasına bildirib ki, Berlin Rusiyanın mərkəzi bankının xaricdəki ehtiyatlarını yenidənqurma işlərinin maliyyələşdirilməsinə sərf etməyə hazırdır.

Nəşrin mənbələrinə görə, yenidənqurma layihəsi bir trilyon avroya (1,1 trilyon dollar) çata bilər.

Nizami Bağırov