Xəbər lenti

Avropa ölkəsi bütün dəmiryol vağzallarında spirtli içkilər qadağan edəcək
Dünya 15:36 21.07.2026

Avropa ölkəsi bütün dəmiryol vağzallarında spirtli içkilər qadağan edəcək

Almaniyanın milli dəmiryol operatoru "Deutsche Bahn” (DB) ölkə üzrə bütün dəmiryol stansiyalarında spirtli içkilərdən istifadəni qadağan etmək qərarı qəbul edib.

Qaynarinfo xəbər verir ki, "Bild” nəşrinin məlumatına görə, qərar sərnişinləri və şirkət əməkdaşlarını hücumlardan daha effektiv qorumaq məqsədilə cinayətkarlıq və vandalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində verilib.

Qeyd olunur ki, yeni qayda Almaniyadakı bütün 5400 stansiyaya şamil olunacaq və 2026-cı il oktyabrın 15-dək ölkə üzrə tam tətbiq ediləcək.

"Artıq kifayətdir. İndi daha sərt tədbirlər görəcəyik. Biz stansiyalarımızda və qatarlarımızda daha çox nizam-intizam və təhlükəsizlik istəyirik. Mənim üçün əsas məsələ yalnız birdir: əməkdaşlarımızın və sərnişinlərimizin qorunması”, deyə "Deutsche Bahn” şirkətinin baş direktoru Evelin Palla bildirib.

Nəşrin məlumatına görə, qadağanın tətbiqinə səbəb ötən cümə günü axşam Offenburq və Karlsrue arasındakı dəmiryol xəttində baş verən insident olub.

Regional qatarda bilet yoxlanışı zamanı sərxoş sərnişinlə yaranan mübahisə davaya çevrilib. Ettlingen-Bruchhauzen dəmiryol vağzalının yaxınlığında 26 yaşlı DB təhlükəsizlik əməkdaşına hücum edilib. O, hərəkətdə olan qatardan yıxılıb və ağır xəsarətlər alıb.

Bu hadisə Federal Polisin narahatedici statistikasının bir hissəsidir. Həmin statistikaya əsasən, vağzallarda törədilən bütün zorakı cinayətlərin üçdə birindən çoxu sərxoş vəziyyətdə olan şəxslər tərəfindən həyata keçirilir.

"Biz vağzallarımızda spirtli içki qəbulunu qadağan edirik. Çox vaxt görürük ki, spirtli içkinin həddindən artıq olduğu yerlərdə zorakılıq halları da artır. Ötən cümə günü baş verən amansız və mənasız hücum bunu bir daha göstərdi”, deyə Palla bildirib.

Bununla yanaşı, "Deutsche Bahn” artıq qadağanın tətbiqinə başlayıb. Yeni qaydalar hazırda Köln, Münhen və Hamburq da daxil olmaqla təxminən 30 böyük vağzalda qüvvədədir.

Nəşr qeyd edir ki, qadağa yalnız dəmiryol platformalarında və vağzal zallarında spirtli içkilərin birbaşa qəbuluna aiddir. Vağzallardakı lisenziyalı restoranlarda spirtli içkilərdən istifadə əvvəlki kimi icazəli olacaq.

Bundan əlavə, sərnişinlər bağlı çantalarda spirtli içkilər daşıya və ya mağazadan alınmış içkiləri özləri ilə apara biləcəklər.

Vağzallarda spirtli içki qəbul etdiyi aşkar edilən şəxslər təhlükəsizlik əməkdaşları və ya Federal Polis tərəfindən dərhal ərazidən uzaqlaşdırılacaq. Qaydanı təkrar pozan şəxslərə isə vağzallara giriş hüququ ömürlük qadağan ediləcək.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->