Xəbər lenti

Avropa ordusu NATO-ya alternativ olacaq? (ŞƏRH)
Dünya09:39 08.01.2024

Avropa ordusu NATO-ya alternativ olacaq? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vahid Avropa ordusunun yaradılması ideyası Rusiya - Ukrayna cəbhəsində gərginliyin günü-gündən daha da artması təhlükəsindən qaynaqlanır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Avropa İttifaqı ordusunun yaradılması ideyasının son günlər "köhnə qitə"də yenidən gündəm olmasını şərh edərkən deyib.
Politoloq bildirib ki, Avropa İttifaqının müxtəlif istiqamətlər üzrə strukturlaşması, vahid məkana çevrilməsi uzun illərdir davam edir:
"İqtisadi, siyasi, qanunvericilik, xarici siyasət, təhlükəsizlik məsələlərində Avropa ölkələri demək olar ki, vahid məkana çevrilib. Amma vahid Avropa ordusunun yaradılması ideyası uzun müddət gündəmdə olsa da, bu günə qədər reallaşmamasının başlıca səbəbi bütövlükdə "köhnə qitə”ni içərisinə alan və Qərb hərbi bloku kimi tanınan NATO-nun var olması ilə bağlıdır. İdeyanın yenidən aktuallaşmasına gəlincə, bu heç şübhəsiz Rusiya-Ukrayna cəbhəsində narahatlığın günü-gündən daha da artması ilə əlaqədardır. Bir sıra Avropa ölkələri hesab edir ki, NATO daha qlobal hərbi təşkilat olduğundan, Avropanın müdafiəsi sahəsində hansısa məqamda yubana, çevik reaksiya verməyə bilər. Bu mənada yenidən həmin ideyanın gündəmə gətirilməsi düşünürəm ki, daha çox Rusiya Ukrayna cəbhəsində baş verən hadisələrlə bağlıdır".
Lakin həmsöhbətimiz düşünür ki, bu ideya gerçəkləşməyəcək:
"Əgər Avropa ordusu yaranarsa, NATO-ya alternativ hərbi blok olaraq meydana çıxacaq. ABŞ, Böyük Britaniya və onların Avropadakı digər kiçik müttəfiqləri buna imkan verməyəcək. Çünki Avropa ordusu ABŞ və Böyük Britaniyanın nəzarətindən kənar olacağından, yarandığı vaxt olmasa da, sonrakı mərhələdə NATO-ya alternativ ola bilər. Bu isə Vaşinqtonun maraqlarına tərs mütənasibdir".
Qeyd edək ki, son günlər Avropa ölkələrində qitənin öz ordusunun yaradılması ideyası yenədən gündəm olub. İtaliyanın xarici işlər naziri Antonio Tayani "La Stampa" qəzetinə müsahibəsində Avropa İttifaqının sülhün qorunması və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək vahid ordusunun yaradılmasını vacib hesab edib. 
"Əgər biz dünyada sülhməramlı missiyanı yerinə yetirmək istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, Avropa Birliyinin effektiv xarici siyasətini həyata keçirə bilməsi üçün fundamental şərtdir”, deyə Antonio Tayani bildirib. 
Rüfət Sultan