İspaniya və Almaniyanın müdafiə şirkətləri hipersəs silahlarının qarşısını almaq üçün sistemlərin birgə hazırlanmasına başlayacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Defence news” portalı məlumat
yayıb.
"European Hypersonic Defense Interceptor” (EU HYDEF) adlı layihənin hazırlanması Avropa ölkələrinə 110 milyon avroya başa gələcək.
Yeni sitem üzərində İspaniyanın "Sener Aerospacial Sociedad Anonima” və Almaniyanın "Diehl Defence” şirkətləri işləyəcək. Birincisi layihəni, ikincisi isə ümumi texniki idarəetməni əlaqələndirəcək. Şirkətlər Almaniyanın IRIS-T hava hücumundan müdafiə sisteminin yaradılmasında artıq birgə iş təcrübəsinə malikdirlər.
"Məqsəd 2035-ci ilə qədər və sonrakı dövr üçün Avropaya qarşı olan təhdidlərin qarşısını almaqdır”, - nəşr Aİ sənədlərinə istinadən yazır.
İşlər Avropa Müdafiə Fondunun himayəsi altında həyata keçiriləcək. Proqramın icrası 1,5 il müddətinə nəzərdə tutulub. Yeni hazırlanmış raketləri hava hücumundan müdafiə sistemlərinə inteqrasiyası planlaşdırılır ki, bu da hipersəs silahları və ballistik raketlərə qarşı mübarizə aparmaq imkanı yaradacaq.
Avropa Komissiyası iyul ayında müdafiə sahəsində 61 tədqiqat və inkişaf layihəsinə 1,2 milyard avro ayırmağı planlaşdırdığını açıqlayıb.
2022-ci il martın 19-da Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynadakı müharibə zamanı hipersəs silahlarından istifadə edildiyini bildirib. Daha sonra Rusiya hərbçilərinin məlumatına görə, hipersəs aeroballistik raketləri olan "Kinjal” aviasiya raket sistemi İvano-Frankovsk vilayətində yeraltı sursat anbarını məhv edib.
Eyni zamanda, ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiyanın Ukraynadakı "yüksək dəqiqlikli" qanadlı raketlərinin yarısından çoxu yararsız çıxır. Bundan əlavə, indi Rusiya ordusu "Kinjal" və xarici istehsal hissələri olan daha 800 texnikanın istehsalında çətinliklərlə üzləşə bilər.
Nizami Bağırov