"Avropada iqtisadi resursların tükənməsindən başqa problemlər də mövcuddur. Bu, demokratiyanın yan təsirlərindədir. Yəni, seçkilər və seçkilərin doğurduğu nəticələrdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Ukrayna savaşı uzandıqca və qaz, ərzaq böhranı dərinləşdikcə Avropanın dirəniş göstərmək resurslarının zəifləyəcəyi barədə fikirlərə münasibətini açıqlayarkən deyib.
Ekspertin sözlərinə görə, indiki vəziyyətdə Avropanın ən güclü və ən zəif tərəfi seçkidir:
"Əhali müharibədən yorulduqca, qiymətlər artdıqca hər dəfə seçkilərdə indiki iqtidarların əlehinə səs verməyə başlayırlar. Biz bunu son Fransa seçkilərində də gördük. Parlamentdə Makronun partiyası üstünlük qazana bilmədi, başqa digər partiyalar daha çox səs qazanmağa nail oldular. Bu isə onu göstərir ki, Avropa Birliyi ölkələri, Qərb münaqişədən yorulur və bu amil məhz seçkilərdə özünü biruzə verir”.
Natiq Cəfərli bildirib ki, qiymət artımları, müharibənin uzanması Avropa ölkələrində keçirilən bütün seçkilərə təsir edir:"Bu ilin payızı və gələn ilin yazında Avropanın bir neçə ölkəsində çox vacib seçkilər olacaq. Parlament və yerli bələdiyyə seçkiləri keçiriləcək. Yeri gəlmişkən, onlarda bələdiyyə seçkiləri parlament seçkilərindən az əhəmiyyətli deyil. Ona görə də müharibə uzandıqıca, Avropada qiymətlər artdıqca, müəyyən böhranlı vəziyyət yarandıqca müharibəni dəstəkləyən iqtidarların səs itirməsi mümkündür. Zaman keçdikcə müharibə əleyhdarları, Rusiya ilə hər hansı formada anlaşmanı istəyən siyasi qüvvələr nüfuz qazanır. Onların üstünük qazanması, seçkilərdə önə çıxması mümkündür. Bu anlamda müharibənin uzanması Rusiyanın xeyrinədir”.
Bahar Rüstəmli