İsveç Avropanın ən çox subay olan ölkəsi olsa da, burda biriylə münasibət qurmaq çox çətindir. Ölkədəki evlərin yarıdan çoxunda subaylar yaşayır. Digər Avropa ölkələrində bu say 3 dəfə daha artıqdır.
İsveçdə sanki subaylığı tərənnüm edən bir mədəniyyət var. Şəhərlər müstəqil və tək yaşamaq üçün hazırlanmış mənzillərlə doludur. 3 ildir İsveçdə yaşayan 34 yaşlı Braziliyalı Raquel Altoe belə bir toplumda yaşamaqdan çox şikayətçidir: "İlk tanışlıqlar çətin deyil. Amma burada uzun müddətli əlaqə qurmaq mümkün deyil”.
Qaynarinfo BBC Capital-a istinadən xəbər verir ki, yüksək səviyyəli yaşam standartı, gözəl təbiəti ilə biznesmenlərin, iş adamlarının daim diqqət mərkəzində olan İsveç ikinci dil olaraq ingilis dilini ən yaxşı danışan ölkə olaraq tanınır. Statistikaya görə, subay halda İsveçdə işləməyə gedən peşə sahiblərinin ancaq 25 faizi 5 il aradan sonra özlərinə həyat yoldaşı tapa biliblər.
İsveşdə işləyən bir digər iş adamı ingilis Maykl Olaye görə, isveçlilər azadlıqlarına və sərbəstliklərinə digər ölkələrdən daha çox dəyər verirlər: "Belə ki, burada insanlar biriylə birlikdə olduğunu söyləməkdən çəkinirlər. Çünki onlara görə bu çox böyük məsuliyyət deməkdir. Burada gözəl qadınlarla qısamüddətli əlaqələrim çox oldu. Amma artıq uzun sürəcək bir münasibət istəyirəm”.
Sərbəst və yalnız
13 ildir İsveçdə yaşayan amerikan psixoterapevt həkim David Skultz bunu onların tək sərbəstliyə olan alışqanlıqları ilə açıqlamağın səhv olacağını söyləyir: "Burada sosiallaşmaq toplumun problemidir. İsveçlilər ictimaiyyətdə, avtobuslarda, mağazalarda tanımadıqları insanlarla danışmırlar. Yəni, əgər İsveçə sonradan gəlmisinizsə, topluma yalnız kənardan baxa bilərsiniz. İsveçlilərə görə, biriylə eyni evdə yaşamaq və uşaq sahibi olmaq üçün evlənməyiniz vacib deyil”.
Toplumsal cinsi bərabərliyin qorunması qadınların kişilərdən olan asılılığını da minimuma endirir. Burada qadınlar üçün evlilik yaşı orta hesabla 33, kişilərin isə 35,5-dir. ABŞ-da isə müvafiq olaraq 27-29-dur. Uşağın xərclərini qarşılamaq üçün dövlət yetəri qədər vəsait ayırdığından qadınlar kişilərin əlinə baxmaq məcburiyyətində qalmır. İsveç Avropa Birliyində ən çox boşanma statistikasına sahib ölkədir.
İsveçdə işləyən xarici vətəndaşların əksəriyyəti də bu ölkənin tətbiq etdiyi bərabər hüquqlardan faydalanırlar. 36 yaşlı amerikalı Raşel Matşet Stokholma köçdükdən sonra həyat yoldaşından boşansa da, maddi vəziyyəti tək başına həyat qurmağa kifayət edib: "Belə bir şey ABŞ və Yaponiyada mümkün olmazdı. Uşağa baxmaq üçün belə bir fürsətin verilməsi tək yaşayan bir qadın üçün əvəz edilməz bir şansdır”.
İsveçlilər soyuq millətdir?
39 yaşlı isveçli Cina Vilkə görə, İsveç xalqı başda soyuq və duyğusuz görünə bilərlər. Amma yaxınlaşdıqca, nə qədər isti və sadiq olduqlarını görə bilərsiniz.
Ancaq İsveçə iş üçün gedən və sevgili tapmaqda çətinlik çəkən insanların 3-də 2-si 5 il sonra belə burada yaşamağa davam edirlər.
Nərmin Həsənli