Xəbər lenti

Avtomobil bazarında kredit faizləri pik həddə - FOTOLAR
Ekonomiks14:33 22.05.2016

Avtomobil bazarında kredit faizləri pik həddə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Badamdar qəsəbəsində olan avtomobil bazarında  hər həftənin bazar günü olduğu kimi yenə də maşın almaq və satmaq arzusunda olan insanların sıxlığı müşahidə olunur. Alıcıların daha çox kreditlə olan maşınlara tələbat olsa da, bazarda ən yaxşı və sərfəli qiymətə olan maşınlar nağd satılır. 
Əhalidə isə nağd pul çatışmazlığı olduğundan məcbur qalıb ağır şərtlərlə kreditə girməli olurlar. Kreditlər isə yüksək faiz dərəcəsinə görə, sözün həqiqi mənasında insanı şoka salır. Musavat.com-un müxbiri avtomobil bazarında dəhşətli məqamlara şahid olub. Sələmçi işbazlar demək olar ki, mədəni şəkildə insanları soymaqla məşğuldur. 
Belə ki, bazara gələn müştərilər bəyəndikləri avtomobilləri ala bilmədiyi halda "köməyinə" alverçilər gəlir. Bazara maşınını satmağa gətirən şəxsə avtomobilin qiymətinin  yarısını verərək icarə yolu ilə, yüksək faizlə müştəriyə sırıyırlar. Bu cür alverçilər sözün əsl mənasında baş kəsirlər.  Şərtlər belədir. Alıcı bazara daxil olub 10 min manatlıq avtomobili bəyənir, lakin əlində 5 min manat pul var. Alverçi deyilən şəxslər həmin maşının qalan 5 min manatını satıcıya verir və alını alverçiyə borclanır. Bura qədər şərtlər hər iki tərəfin ürəyincədir .Lakin söhbət faiz məsələsinə gələndə işlə korlanır. Alıcıya 5 min manat verən alverçi krediti ikiqat, yəni 10 min manat hesablayır. Yəni, borcu 100 faizlə verir. 
İnsanların əlacsız qalmasından istifadə edən işbazlar müştəriləri bu formada soyurlar. Satıcılarla razılaşıb, avtomobillərin üzərinə “arendaya satılır” elanları yazaraq müştəri cəlb edirlər. Özləri isə çoxda uzaqda deyil, elə bazarın ətrafında toplaşırlar. Bu səbəbdən də bazarda kreditlə maşın tapmaq müşkül məsələyə çevrilib. 
Alverçilərin bu hərəkəti, satıcılara da sərf edir. Yetər ki, avtomobilini sata bilsin. Hətta yaxınlaşan  kimi müştəriyə belə bir kredit razılaşmasının olduğunu bildirirlər. Əlaqə nömrələrinə zəng vurub, “müştəri var” xəbərini də özləri verirlər.
Sələmin həddən artıq şişirdilməsi təbii ki, soyğunçuluğa gətirib çıxarır. Müştərilərlə söhbətdə bəlli olur ki, onlar da bu vəziyyətdən narazıdır.
Həmsöhbət olduğumuz alıcılardan biri narazılığını dilə gətirir: “Gəlmişik maşın alaq. İkinci əl maşınları kreditə tapmaq çətindir. Bazarda avtomobil çox olsa da, hamı nağd satmaq istəyir. Bu səbəbdən də, əlimizdə olan 4-5 min manata ili 1999, 2000-ci il istehsalı olan maşının almaq mümkün deyil. Kredit götürmək üçün bir çox banklara və kredit təşkilatlarına baş vurduq. Lakin alınmadı. Onu gətir, bunu gətir deyib, get-gələ saldılar. Alacağımız avtomobilin qiyməti isə 8 min manatdır. “Mercedes” markalı avtomobillərə tələbat artdığı üçün qiymətlər də bahadır. 8 min manata bir maşın bəyəndik. Maşının sahibi nömrə verdi ki, “alverçidir sizə köməklik edər”. Alverçi isə maşının qiymətinin yarısını, yəni 4000 manat kömək edəcəyini dedi. Faizinə gəldikdə isə çox bahadır. 4000 manata 8000 min manat pul istəyirlər. 100 faizlik borc olarmı? İnsaf da, yaxşı şeydir”.
Bir sözlə avtomobil dəllalları bazarda istədikləri qədər yüksək faiz qoyurlar. Misal üçün 7000 min manatlıq avtomobili yarı qiymətini verib, müştəridən bunun 2 qatını çıxarırlar. Öz dilləri ilə desək, 1 manat- 2 manat... 20 -30 aylıq kreditlə alınan avtomobil isə müştəriyə iki dəfə baha başa gəlir. 
Təbii ki, alverçilər heç kimi bu şərtlərlə razılaşmağa məcbur etmir. Əlində 2-3 min manat pulu olan şəxslər məcbur qalıb razılaşmalı olurlar. 
Lakin dünyanın heç bir yerində 100 faizlə borc verilməsi təcrübəsi yoxdur. Alıcılar da deyir ki, bu halla ilk dəfə qarşılaşırlar. 
Bütün bunlar göstərir ki, banklar və kredit təşkilatları kredit vermə prosesini çətinləşdirdiyi üçün bu cür işbazlar camaatın cibinə girir. Nəticədə insanlar məcburiyyətdən həm faiz içində boğulur, həm də küllü miqdarda ziyana düşürlər. 
Ən maraqlısı isə odur ki, bir alverçinin onlarla belə avtomobil ala bilməsi üçün yetərincə maliyyəsi var. Hətta  istənilən bahalı avtomobili ala bilir. Avtomobil bazarı demək olar ki, başdan başa alverçilərin nəzarətindədir. Sanki aralarında bir karter sövdələşmədi var. Bu şəxslərin arxasında kimlər durduğunu, faiz dərəcəsinin nədən bu qədər yüksək olmasını öyrənmək və bu barədə ölçü götürülməsi aidiyyati qurumların üzərinə düşür.
Bazarın problemi isə təkcə maşın dəllallarından ibarət deyil, qəhvə və dayanacaq xidmətləri də çox bahadır. Mağazalarda olan 30 qəpiklik qəhvə 60 qəpiyə,  25 qəpiklik adi sular isə 70 qəpiyə satılır. 
Dayanacaqdan istifadə  isə 1 manatdır. Bazara satmağa gətirilən 1 günlük maşın üçün isə 10 manat tələb olunur. Bu cür hallar isə sürücülərin narazılığına səbəb olur. Bəzən günlərlə maşınını sata bilməyən şəxslər xeyli xərcə düşürlər. Bir tərəfdən bazar pulu, digər tərəfdən isə yemək xərcləri... (musavat.com)
Qaynarinfo.az