Separatçı rejimin qondarma "xarici işlər naziri” David Babayanın ABŞ-a səfər edərək, Konqresdə çıxış edəcəyi gözlənilir. Bildirilir ki, sentyabrın 19-da Vaşinqtona gedəcək separatçı çıxışında "status” məsələsi və qondarma "Artsax”ın təhlükəsizliyindən bəhs edəcək. Səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir (ANCA). Qeyd edək ki, erməni separatçılarının bu addımı ABŞ-ın son zamanlar Azərbaycana münasibətdə əməkdaşlığa uyğun gəlməyən bir sıra hərəkətləri fonunda baş verir. Vaşinqtonun mövqeyi belə düşünməyə əsas verir ki, o artıq lazımsız quruma çevrilən ATƏT-in Minsk qrupunu yenidən dirçəltməyə çalışır. Ağ Evi Qarabağ məsələsinin həllində yalnız Rusiya və Türkiyənin yer alması qıcıqlandırır. Ona görə də bütün vasitələrdən istifadə etməklə çalışır ki, Minsk qrupu yenidən canlansın və özü də prosesdə əvvəlki kimi nüfuz sahibi olsun. Bu mənada ABŞ-ın Minsk qrupu məsələsidə tutduğu mövqeyindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi heç də təsadüfi deyil. Bu gün bölgədə ABŞ-ın həmin siyasətinə yalnız İrəvan dəstək verir. Həmin səbəbdən Vaşinqton yenidən separatçılara qucaq açmağa başlayıb.
Xatırladaq ki, bir neçə gün bundan qabaq Şuşada keçirilən tədbiri Fransa və ABŞ səfirliyi boykot edib. Erməni separatçılarının Konqresə dəvət edilməsi fonunda səfirin Şuşaya getməməsinin səbəbi məlum olur.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayevin bildirib ki, Bakı prosesə indidən müdaxilə edərək, ABŞ-ın ölkəmizdəki səfirliyinə nota təqdim etməlidir:
"ABŞ -ın son zamanlar sərgilədiyi mövqe Azərbaycan maraqlarına zidd mövqedir. Amma müəyyən mənada anlaşılandır. Səbəb odur ki, son zamanlar prosesdə Rusiyanın aktivliyi müşahidə olunur. Bu da ABŞ-ın maraqlarına ziddir. Moskva bildirirdi ki, ABŞ və Fransa Ukrayna məsələsilə bağlı olaraq Rusiya ilə birlikdə Minsk formatında iştirak etmək istəmir. Lakin bu gün görürük ki, Rusiyanın ATƏT-dəki fəaliyyətsizliyindən ABŞ istifadə etməyə çalışır. Babayanın ABŞ-a səfəri də təsadüfi deyil. Aydın görünür ki, rəsmi Vaşinqton belə səfərlərdə maraqlıdır. Ağ Ev ATƏT-in Minsk qrupunu canlandırmağa çalışır və bu istiqamətdə Ermənistana dəstək verir. ABŞ Şuşaya Azərbaycanın ərazisi kimi baxmaqdan daha çox, qondarma rejimin tərkib hissəsi kimi baxır. Bu da öz növbəsində Vaşinqtonun ermənilərin status məsələsini aktual olaraq saxladığını göstərir. Babayanın səfəri və Konqresdə status məsələsini gündəmə gətirmək istəməsi Vaşinqtonun təəssüf ki, bu məsələdə fərqli düşündüyündən xəbər verir”.
Politoloq qeyd edir ki, bu hərəkət Ağ Evin prosesə münasibətdə ikili yanaşma tərzi sərgilədiyini göstərir. Separatçı liderin ABŞ-a səfəri və Vaşinqtonun buna göz yumması bütün hallarda beynəlxalq hüquqa ziddir. Vaşinqton-Bakı münasibətlərinin inkişafına əngəl yaradacaq ciddi addımdır. Belə vəziyyət Vaşinqtonun proseslərə ikiüzlü yanaşdığının və erməniləri dəstəklədiyinin göstəricisidir”.
Rüfət Sultan