
Bu gün Çexiyanın Pardubitse şəhərində futzal üzrə UEFA Kubokunun elit-raundunun B qrupunun oyunlarına start verilib. Qaynar.info xəbər verir ki, Azərbaycan çempionu "Araz" ilk görüşdə Slovakiyanın "Slov-Matiç" kollektivi ilə üz-üzə gəlib.
Oyuna yaxşı başlayan slovaklar 12-ci dəqiqədə hesabı açıb. "Araz" buna 22-ci dəqiqədə Fineo De Araujonun qolu ilə cavab verib. Az sonra Rizvan Fərzəliyev təmsilçimizi hesabda önə keçirb. Lakin "Araz" üstünlüyü qoruya bilməyib. 35-39-cu dəqiqələrdə 3 qol vuran "Slov Matiç" 4:2 hesabı ilə önə keçib. Sona 30 saniyə qalmış Eduardo Mello Borges fərqi minimuma endirsə də, "Araz"ın bundan artığına gücü çatmayıb və 4:3 hesabı ilə yenilib.
Qrupun digər oyununda yerli "Xrudim" və Rusiyanın "Dina" klubları qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, "Araz" sabah "Dina", noyabrın 21-də isə "Xrudim"lə qarşılaşacaq.
Araz (Azərbaycan) - Slov-Matiç (Slovakiya) 3:4
Qollar: Fineo De Araujo, 22. Rizvan Fərzəliyev, 23. Eduardo Mello Borges, 39 - Miçal Seidler, 12. Tomaş Drahovski, 35. Anton Brunovski, 37; 39.
Qaynar.info