(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanıb)
Azərbaycanda demoqrafik vəziyyət hələlik stabildir. Ölkə əhalisi hər il artır. Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-nə olan vəziyyətə görə 10164464 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfərdir.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edir. Kişilərlə qadınların xüsusi çəkisi, demək olar ki, eynidir. Hər 1000 kişiyə 1001 qadın düşür. Buna baxmayaraq, son illərdə olduğu kimi, yenə də ailələr əsasən oğlan uşaqlarının doğulmasına üstünlük verir. Bu isə gələcəkdə mövcud balansı poza bilər.
2022-ci ilin iki ayı ərzində ölkədə 20462 körpə doğulub. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşağıdır. Doğum səviyyəsinin ümumi götürdükdə tədricən aşağı düşdüyü müşahidə edilir. Ölüm səviyyəsində də azalma gedir. 2022-ci ilin yanvar-fevral aylarında 12557 ölüm halı qeydə alınıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən ölüm səviyyəsinin 8,2 faizdən 7,7-i faizə qədər düşməsi deməkdir.
Rəsmi məlumatlara görə, ölkə əhalisinin 22,7 faizi Bakı şəhərində yaşayır. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin yüksək olduğu bildirilir. 30 yaşa qədər olan əhalinin sayında azalma baş verib. Bu da əhali artımı tendensiyasının aşağı düşdüyünün göstəricisidir. 70 və yuxarı yaşda olan insanların sayı isə artır. Belə vəziyyət isə Azərbaycanda əhalinin getdikcə qocaldığının göstəricisidir.
Azərbaycan əhalisinin tədricən qocalmağa doğru getməsinin nə kimi fəsadları var və ondan qurtulmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov bildirir ki, 40 ildən sonra Azərbaycanda 65 yaşdan yuxarı insanların sayı indiki 6,7 faizdən yüksələrək, 16,5 faizə çatacaq:
"Müstəqilliyin ilk illərində Azərbaycanda min nəfərə illik doğum göstəricisi təxminən 20,4 nəfər olub. 2020-ci ildə isə bu göstərici 8.4 nəfərə düşüb. Yəni təxminən 2,5 dəfə azalma baş verib. Proses eyni templə davam edəcəyi təqdirdə əsrin ortasında bu göstərici 3,4 nəfərə düşə bilər ki, bu da artıq ciddi demoqrafik problem olacaq. BMT-nin proqnozuna görə, 2060-cı ildə Azərbaycanda ölkə əhalisinin ümumi sayı ilə müqayisədə 65 yaş üzəri vətəndaşların sayı indiki 6,7 faizdən 16,5 faizə qədər artacaq. Bu da hazırda həyata keçirilən mövcud sosial, siyasi, iqtisadi və demoqrafik siyasətin nəticəsidir. Rəsmilər isə ölkədə demoqrafik problemin olmadığını iddia edir. Azərbaycanda kiçik ailə modelinə sürətli keçid prosesi demək olar ki, tamamlanmaq üzrədir. Ailələrin əhəmiyyətli hissəsi bir və ya iki uşaqlıdır. 1,2 milyon uşaqlı ailə var ki, onların da 150 mini tək uşaqlı ailələrdir. 400 mini isə iki uşaqlıdır. Bu da az uşaqlı ailələrin sayının sürətlə artması deməkdir. Belə vəziyyət gələcəkdə bir sıra istiqamətlərdə problem yaradacaq”.

Ekspert qeyd edir ki, bir müddətdən sonra pensiya siyasətinin maliyyələşdirilməsi məsələsində problemlər özünü qabarıq şəkildə göstərməyə başlayacaq: "15-65 yaşa qədər əhalinin sayının hələlik çox olmasına baxmayaraq, 65 və onun üzərində olan pensiya yaşına çatan insanlara xidmətin səviyyəsi çox aşağıdır. Çünki bu qədər əmək bazası ilə onu təmin edə bilmirik. Yaradılan iqtisadi mexanizmlər 6,5 faizlik pensiyaçıların rifahını təmin etməyə imkan vermir. Bu sahədə pensiyaçıları ən zəif təmin edən ölkələrdənik. Həmin göstərici isə öz növbəsində əmək məhsuldarlığı olan, çalışan, məşğul insanların azalmasına və 10 faiz bənd üzrə yaşlıların artmasına gətirib çıxarır. O zaman da ölkənin pensiya siyasətinin maliyyələşdirilməsi məsələsində ciddi problemlər ortaya çıxacaq”.
Mərkəz rəhbəri bildirir ki, insan resurslarının azalması öz növbəsində iqtisadi daralmaya səbəb olur: "Azərbaycanda iqtisadiyyat əsasən ekspansiv böyümə hesabına inkişaf edir. Əhali artır, daha çox adam əmək bazarına daxil olur, daha çox insana xidmət ehtiyacı yaranır. Bu da öz-özlüyündə sənayeni müəyyən qədər hərəkətə gətirir, investisiya qoyulur. Belə bir iqtisadi zənciri formalaşdırmaqla iqtisadiyyatda artım şərtləndirilir. Amma ölkədə məhsuldarlıq artmır. Əksinə, artıq bu istiqamətdə mənfi trendlər müşahidə edilir. Bu da ölkəmizdə intensiv deyil, ekstensiv böyümə modelinin olduğunun göstəricisidir. Ekstensiv böyümə modelinin əsas qaynağı isə insan resursudur. Azərbaycanda insan resurslarının azalması isə iqtisadi daralmanı şərtləndirə bilər”.
Yəqin, nə zamansa ölkə başa düşəcək ki, iqtisadiyyat şaxələnməli, inkişaf etməlidir. Belə bir zamanda iqtisadiyyatın liberallaşdırılması istiqamətində ciddi fundamental addımlar atılacaq.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.