
Finalda azarkeşlər meydançaya axışdı, futbolçular döyüldü
Dünən futbol üzrə Həvəskarlar Liqasının final matçı sözün əsl mənasında qalmaqalla yadda qalıb.
Qaynar.info rekord.az-a istinadla xəbər verir ki, finalda “Binə” və Sabirabadın “Çağırğan” komandaları üz-üzə gəlib.
“Şəfa” stadionunda keçirilən matçda qalmaqalın əsası hakimin “Binə”nin futbolçusuna qırmızı vərəqə göstərərək, onu meydançadan qovması olub. Azlıqda qalmasına baxmayaraq, binəlilər 2:2-lik nəticəni qoruyub oyunu əlavə vaxta keçirdə bildi. Elə nə baş verdisə bu vaxtda baş Verdi. Öncə Sabirabad klubu 3-cü qolu vurdu. İkinci əlavə vaxtda qonaqlar 4-cü qolu vurdu ki, bununla da aləm bir-birinə qarışdı. Öncə “Binə”nin 55 nömrəli futbolçusu başla rəqib futbolçuya zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, meydançadan qovulub və komandasını 9 nəfərlə qoyub. Bundan sonar meydançaya axışan binəli azarkeşlər Sabirabad futbolçularının üstünə hücum çəkib onları döyməyə başlayıb. Futbolçularının döyüldüyünü görən sabirabadlı azarkeşlər də meydançaya daxil olub. Bir sözlə, ara qarışıb, məzhəb itib. Loru dildə desək, kim kimə gəldi döşəməyə başlayıb. Asayişi qoruyan azsaylı polislər isə dava-dalaşı yatırmaqda gücsüz olunca köməyə “Şəfa” stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Yalnız bundan sonra aranı sakitləşdirib azarkeşləri və futbolçuları meydançadan çıxartmaq mümkün olub.
Qaynar.info