İdman 14:02 17.03.2023

Azərbaycan idmançıları Ermənistana gedə bilər

Azərbaycan ağırlıqqaldıranları Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edə bilər.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

"Azərbaycan Ağır Atletika Federasiyası olaraq yığma komandamızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirakını Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemində təsdiqləmişik. Turnirdə iştirak etmək niyyətindəyik. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar başlamalıdır. Bu proses isə hələ başlamayıb, yaxın günlərdə ediləcək. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcəkdir", deyə Kənan Məstəliyev qeyd edib.

Qeyd edək ki, yarış 15-23 aprel tarixləri aralığında keçiriləcək.

Aydın