Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan Könüllülərinin iştirakı ilə Fəxri Xiyabana yürüş təşkil olunub.
Heydər Əliyevin xatirəsini dərin hüzn və hörmətlə yad edən 1500-ə yaxın könüllü Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq Ümummilli Liderin məzarı üzərinə çiçəklər düzüblər. Ziyarət "Azərbaycan Könüllülük Həftəsi 2024”-ün "Vətənpərvər Könüllü” günü çərçivəsində həyata keçirilib və könüllülər arasında milli dəyərlərin qorunması və tarixi şəxsiyyətlərimizin irsinin öyrənilməsinin təşviqi məqsədini daşıyıb.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin fəal üzvünə çevrilib.
12 dekabr – Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq bölgələrdə ümumilikdə 500-dən çox Azərbaycan könüllüsünün iştirakı ilə Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil edilib. Ekskursiya zamanı Azərbaycan könüllüləri Mərkəzlərdə sərgilənən tarixi fotoşəkillər, sənədlər və interaktiv məlumatlarla tanış olub, Ümummilli Liderin həyat yolu, Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda göstərdiyi xidmətlər barədə yeni biliklər əldə ediblər.
Şərhlər